Çexiya XİN başçısının fikrincə, bu yayımın davam etdirilməsi Avropanın maraqlarındadır
Çexiya Xarici işlər naziri Yan Lipavski “Azad Avropa/Azadlıq Radiosu”nun gələcəyi ilə bağlı məsələni Avropa İttifaqı nazirlərinin martın 17-də keçiriləcək görüşündə müzakirə edəcəklərini deyib.
Çexiya XİN başçısının fikrincə, bu yayımın davam etdirilməsi Avropanın maraqlarındadır .
Lipavski qeyd edib ki, “Azadlıq” radiosunun Çexiya və Avropa üçün nə demək olduğu barədə siyasi tərəfdən düşünmək lazımdır.
“Qonşuluqda totalitarizmin çiçəkləməməsi bizim maraqlarımıza uyğundur”, – Lipavski deyib.
ABŞ Prezidenti Donald Tramp martın 14-də yeddi federal agentliyin, o cümlədən ABŞ-ın Qlobal Media Agentliyinin (USAGM) fəaliyyət miqyasının əhəmiyyətli dərəcədə azaldılması barədə fərman imzalayıb.
Fərmanda deyilirdi ki, bu qurumların hər birinin rəhbəri 7 gün ərzində ABŞ Prezident Administrasiyasındakı Menecment və Büdcə Ofisinin direktoruna hesabat təqdim etməlidirlər.
Həmin hesabatda onlar fərmana tam əməl etdiklərini təsdiqləməli, eyni zamanda sözügedən təşkilatların hansı struktur və funksiyalarının mövcud qanunlar çərçivəsində hansı miqyasda saxlanmalı, yaxud ümumiyyətlə saxlanmamalı olduğuna dair izahat verməlidirlər.
USAGM “Azad Avropa/Azadlıq Radiosu”, “Amerikanın Səsi” və bəzi digər media qurumlarına koordinatorluq edir.
USAGM – ABŞ federal hökumətinin müstəqil agentliyidir və hər həftə təxminən 361 milyon insana 50-dən çox dildə xəbər və informasiya yayımını koordinasiya edir. Agentliyə 2025-ci il üçün 950 milyon dollar maliyyə yardımı tələb olunub. Bu vəsait “Azad Avropa/Azadlıq Radiosu”, “Amerikanın Səsi” (VOA), “Azad Asiya Radiosu”, “Radio Marti” (Kuba), “Orta Şərq Yayım Şəbəkəsi” (MBN) və internet layihələrinin inkişafı ilə məşğul olan Açıq Texnologiya Fondu kimi media qurumlarını maliyyələşdirmək üçün nəzərdə tutulub.
“New York Times”, “CNN” və “NPR” jurnalistləri bildiriblər ki, “Amerikanın Səsi” radiosunun əməkdaşları artıq inzibati məzuniyyətə göndərilib.
“Amerikanın Səsi” 1942-ci ildən fəaliyyət göstərir. Hazırda 43 dildə internetdə, televiziyada və radioda verilişlər yaymlayır. “Amerikanın Səsi”nin Azərbaycan xidməti müəyyən fasilələr istisna olmaqla 1952-ci ildən fəaliyyət göstərir. Sovet İttifaqı 1991-ci ildə dağılanadək “Amerikanın Səsi”nin Azərbaycan xidmətinin verilişləri qısa dalğalı radiolarda yayımlanırdı. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra “Amerikanın Səsi” öz verilişlərini internetdə və peyk televiziyasında yayımlayır.
“Azadlıq Radiosu” 1949-cu ildə yaradılıb. Həmin vaxt Avropada Şərqi Avropa dillərində radio vasitəsilə xəbər yaymaqla məşğul olub. Sovetlər dağılandan bu yana media təşkilatı müstəqil qurum kimi, lakin ABŞ hökumətinin nəzarəti və maliyyəsi ilə fəaliyyətini davam etdirib.
“Azadlıq Radiosu” 23 ölkədə, 27 müxtəlif dildə çıxır. Radio Azərbaycanda azsaylı müstəqil xəbər saytlarından hesab edilir.
2014-cü ildə Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə, eləcə də müstəqil mediaya basqını artıranda radionun əməkdaşlarından bir nəfər həbs edilib, bununla da qurum ofisini tərk etməli olub.
Həmin vaxt radio ilə əməkdaşlıq etmiş jurnalistlər istintaqa cəlb edilərək dindirilib.
Ondan sonra qurumun əməkdaşlarının çoxu Praqada fəaliyyət göstərməyə başlayıb. Azərbaycanda isə müstəqil jurnalistlərlə əməkdaşlığı saxlayıb.
“Azadlıq Radiosu”nun həm ingilis, həm azərbaycanca saytı Azərbaycanda blokdadır.
2024-cü il dekabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın bir neçə mətbu və media orqanına müsahibəsində demişdi ki, Azərbaycan mediası xaricdən hətta 1 faiz belə maliyyələşə bilməz.
“Biz ABŞ-da media maliyyələşdirmirik. Niyə onlar bizim medianı maliyyələşdirməlidirlər?! Lazım deyil. Onlar “Amerikanın səsi” və “Azadlıq Radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar”, – İlham Əliyev bildirmişdi.