Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli ona qarşı irəli sürülən ittihamlara aydınlıq gətirib
Martın 15-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində qiyabi həbs qərarı çıxarılan və axtarışa verilən Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli açıqlama yayaraq ona qarşı irəli sürülən ittihamlara aydınlıq gətirib.
Sübhan Həsənli Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui–istifadə), 193-1.2.3 (öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) 313–cü (vəzifə saxtakarlığı) maddələrlə cinayət işi üzrə məsuliyyətə cəlb olunub.
“Açılan işin məzmunu budur ki, mən IWPR (Institute for War & Peace Reporting – Hərb və Sülh İcmalları İnstitutu) və FHI360 (Şimali Karolinada yerləşən qeyri-kommersiya insan inkişafı) təşkilatı ilə xidməti müqavilə bağlamışam və qanunu pozmuşam. Mən həmin təşkilatlardan 5000 avro və 10000 dollar vəsait almışam. Hər birini də, 20 faiz vergi ilə və sosial ödənişlərlə dövlətə ödəmişəm. Yəni təxminən 5200 manat təkcə vergi vermişəm. Vergiyə heç bir borcum yoxdur. Sosial ödənişləri, işsizlikdən sığorta hamısı ödənilib. O zaman bu pul necə qanunsuz olur? Necə cinayət yolu ilə əldə edilmiş olur? Hətta Dövlət Vergi Xidməti iki dəfə bizim işimizlə bağlı yoxlama aparıb. Nəticəsi? Heç bir problem yoxdur. Bəs indi niyə oldu? O zaman, bu problemli olmayan şeylər indi niyə problemlidir? Əgər bu ödənişlər qanunsuz idisə, niyə Dövlət Vergi Xidməti yoxlama aparanda bizə demədi ki, ay insanlar, siz qanunsuzluqla məşğulsuz? Axı İnzibati Prosessual Məcəlləyə görə, dövlət qurumlarına inam prinsipi var”, – Sübhan Həsənli bildirir.
O deyir ki, FHI360 təşkilatından xidməti müqavilə ilə layihə alanlar arasında QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü də var. Sübhan Hsənlinin sözlərinə görə, bu layihələrdən birində ədliyyə orqanları əməkdaşlarına təlimlər keçiblər:
“Ədliyyə Nazirliyi niyə soruşmurdu ki, bu qrantdı, siz niyə xidmət müqaviləsi bağlamısınız? Bu layihələrdən birinə isə, Dövlət Vergi Xidməti ən yüksən rəhbərlik səviyyəsində təşkilati dəstək verib. FHI360 ilə Qeyri hökümət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi arasında rəhbərlik səviyyəsində keçirilmiş görüşdür. Bəs o zaman bu agentlik hara baxırdı? Niyə soruşmurdu ki, siz niyə xidmət müqaviləsi ilə işləyirsiniz? Bizə gələndə bu qanunsuz oldu? İş başdan-ayağa quramadır. Sadəcə, kim sərf etmir həbs edilir”.
2025-ci il martın 14-də “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpay (Məmmədzadə), “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov və media hüququ üzrə ekspert Xalid Ağəliyev saxlanılıblar. Həmin gün axşam saatlarında Xalid Ağəliyev və Hafiz Həsənov buraxılsalar da, Bəşir Süleymanlı və Məmməd Alpay haqqında istintaq dövrü üçün Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
Bəşir Süleymanlı və Məmməd Alpay (Məmmədzadə) vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırmasında ittiham olunurlar.
İctimai fəallara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.