Aralarında bloqerlər, biznesmen və internet kanallarının rəhbərinin də olduğu bu şəxslər müxtəlif maddələrlə ittiham edilirlər
Azərbaycanın Baş Prokurorluğu bu ölkədən xaricə mühacirət etmiş bır sıra şəxsləri İstintaq İdarəsinə çağırıb.
Aralarında blogerlər, biznesmen və internet kanallarının rəhbərinin də olduğu bu şəxslər müxtəlif maddələrlə ittiham edilirlər.
Məlumata görə, Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxslərə – İlqar Hacıyevə, Məhəmməd Mirzəliyə, Qurban Məmmədova, Elşad Məmmədova, Qabil Məmmədova, Tural Sadıqlıya Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildirişlər göndərilib.
Onlardan biri, bir vaxtlar Azərbaycanda bir çox tenderlərin qalibi olmuş “Akkord” şirkətinin rəhbəri İlqar Hacıyevdir. Hazırda mühacirətdə olan Haciyev son illər Azərbaycan hakimiyyətini kəskin tənqid edirdi.
Baş Prokurorluğun məlumatında onun iyulun 14-də İstintaq İdarəsinə gəlməli olduğu qeyd edilir.
İlqar Hacıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. Onun barəsində axtarış elan edilərək, həbs-qətimkan tədbiri seçilib.
Bloqerlər Məhəmməd Mirzəli və Qabil Məmmədov da Baş Prokurorluğa çağırılıb.
Məmməd Mirzəli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olub, Fransada yaşayır. Özünün yazdığına görə, o, Göyçayda “Əsgər ölümlərinə son!” aksiyasının təşkilatçısı olub və bundan sonra təqib olunub. O, mühacirətə getməzdən öncə polisə aparıldığını, incidildiyini, atasının da dəfələrlə polisə çağırılaraq hədələndiyini iddia edir.
Bu iddialara hüquq-mühafizə orqanlarından münasibət almaq cəhdləri nəticə verməyib.
Hakimiyyət rəsmiləri siyasi əqidələrinə görə insanların və onların qohumlarının basqılara məruz qalması haqqında deyilənləri, ümumiyyətlə, inkar edirlər.
Mirzəlinin Fransada olarkən bıçaqlandığı bildirilir, hətta qeyd edilir ki, həmin olayla bağlı həbs olunan şəxslər var. Onun Cinayət Məcəlləsinin 220.2 (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) maddələri ilə 2018-ci il iyunun 2-də təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib.
Hakimiyyətə qarşı sərt çıxışları ilə tanınan və Baş Prokurorluğun İstintaq idarəsinə çağırılan başqa bir bloqer Qabil Məmmədov isə Cinayət Məcəlləsinin terrorçuluq daxil 24 maddəsi ilə ittiham edilir.
Baş Prokurorluğa çağırılan mühacirlərdən biri də hüquqşünas, “Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədovdur. Qurban Məmmədov da terrorçuluq və daha bir neçə başqa maddələrlə ittiham edilir. O, mühacirətdən əvvəl Azərbaycanda olarkən bir neçə dəfə müxtəlif ittihamlarla həbs edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər.
Baş Prokurorluğa çağırılan və mühacirətdə olan kanal rəhbərlərindən (“Azad Söz”) biri isə Tural Sadıqlıdır. O isə kütləvi iğtişaşlara çağırış və başqa qanunsuz əməllərdə ittiham olunur.
Tural Sadıqlı axtarışa verilib və onun haqqında qiyabi həbs-qətimkan tədbiri seçilib.
Hələlik, rəsmi açıqlamalarda sözügedən şəxslərdən ayrılıqda münasibət almaq mümkün olmayıb.
Amma onlar bundan əvvəl haqlarında səslənən ittihamları, bir qayda olaraq, rədd ediblər və bunu tənqidi fəaliyyətləri ilə izah ediblər.