“Nə? Harada? Nə zaman?” televiziya oyununun keçmiş iştirakçısının fikrincə, ölkədə siyasi məhbus yoxdur, mətbuat azadlığı var və İlham Əliyev demokratik seçkilərlə növbəti dəfə Prezident olub
Martın 13-də məşhur rusiyalı jurnalist Yuri Dudun “vDud” “YouTube” kanalında Rövşən Əsgərovun müsahibəsi yayımlanıb. Əsgərov 21 il Rusiyada yaşayıb və burada populyar olan “Nə? Harada? Nə vaxt?” intellektual televiziya oyununun ən məşhur iştirakçılarından biri olub. 2021-ci ildə Əsgərov oyunun əsas mükafatı olan “Kristal bayquş” mükafatını qazanıb. Bundan sonra o, Azərbaycan Prezidentinə müraciət edərək onun əldə etdiyi nailiyyətə dəstək olmağı və mənzil bağışlamağı xahiş edib. Hakimiyyət də onu Bakıda üç otaqlı mənzillə təmin edib.
Rusiya Ukraynaya hücum edəndən sonra, 2022-ci il martın 5-də Əsgərov Rusiyanı tərk edib. O, Ukraynanın işğalını kəskin tənqid edənlərdən biri olub. Sosial şəbəkələrdəki yazılarına görə Rusiyada Əsgərova qarşı Sovet generalı Jukovu tənqid etdiyinə görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci (nasizmin reabilitasiyası) maddəsi ilə cinayət işi açılıb və axtarışa verilib. Sonra o, “xarici agentlər”, habelə ekstremistlər siyahısına da salınıb. Hazırda əslən azərbaycanlı olan Əsgərov ailəsi – həyat yoldaşı və iki oğlu ilə Bakıda yaşayır.
3 saat yarım sürən müsahibə zamanı Dud Əsgərovla Ukraynadakı müharibə ilə bağlı mövqeyi və Putinin şəxsiyyəti barədə ətraflı danışıb. Daha sonra isə ona Azərbaycan və İlham Əliyevin hakimiyyəti ilə bağlı suallar da verib:
— İlham Əliyev diktatordur? – Dud soruşur.
“Xeyr”, – deyə Əsgərov cavab verir.
– Niyə?
– Niyə hə? <…> Mən son üç ildə Azərbaycanda yaşayıram. Gəlin belə deyək, mən Azərbaycanda diktaturanın olduğunu düşünmürəm, – Əsgərov deyir.
Bu, onun Azərbaycan ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmayan yeganə açıqlaması deyil.
Əsgərov: Azərbaycanda demokratik seçkilər keçirilib
“[Azərbaycanda] seçkilər oldu. Bu seçkilərdə birdən çox adam iştirak etdi. Orada bütün demokratik institutlar var <…> Orada namizədləri kənarlaşdırmırlar. <…> Üstəlik, indi Əliyevlə rəqabət aparmaq mümkün deyil. Mən əmin idim ki, mənim yaşıdlarım bu [Qarabağ] müharibənin sonunu görməyəcək və biz Azərbaycanın ərazi bütövlüyünü heç vaxt görməyəcəyik. Adam bunu 44 gündə etdi və əsas olanı budur. Heç bir diktaturadan söhbət gedə bilməz”.
Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü ilin fevralında keçirilib. Beşinci dəfə Azərbaycan Prezidenti olan İlham Əliyev 92,12 faiz səs toplayıb.
Seçkilər ərəfəsində ölkə hakimiyyəti yeni qanunlar qəbul edib. Müstəqil jurnalistlərin seçki məntəqələrində işləməsinə maneələr yaradılıb, seçki məntəqələrində internetə çıxış məhdudlaşdırılıb. Bütün bunlara baxmayaraq, seçki saxtakarlığı – “karusel” və topa bülletenlərin atılması videoları internetdə yayılıb.
Siyasi partiyalar haqqında yeni qanun da qəbul edildi və 20-dən çox partiya artıq fəaliyyət göstərməyəcəyini elan etməli oldu.
Seçkilərdən bir gün sonra, fevralın 8-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) missiyası ilkin nəticələri dərc etdi: müstəqil ekspertlər 113 seçki məntəqəsindən 61-də pozuntuların aşkar edildiyini bildirdilər.
Bundan əlavə, 1 milyon seçici seçki siyahılarından “yoxa çıxıb”: kimisə özünü siyahıda tapmayıb, kimisə başqa yerdə qeydə alınıb, kimisə öləndən sonra da seçki siyahlarından çıxarılmayıb.
Daha ətraflı Meydan TV-nin materialında oxuyun
Əsgərov: Azərbaycanda siyasi məhbus yoxdur
Dudun “Azərbaycanda siyasi məhbus varmı?” sualına Əsgərov “Mən bildiyimə görə, yox” – deyə cavab verib. Jurnalist siyasi məhbusların adlarını sadalamağa başlayanda isə o, jurnalisti Azərbaycan adlarını səhv tələffüz etdiyinə görə qınayıb:
— Səndən Azərbaycanda siyasi məhbusların olub-olmadığını soruşdum. Və deyəsən var, – Dud cavabında deyir.
– O, sənə elə gəlir. <…> Məndən [siyasi məhbuslar haqqında] soruşursan. Bu haqda dərin bilgilərim yoxdu. Bilmirəm. Mənim üçün [ölkədə siyasi məhbus] yoxdur, – Əsgərov deyir.
Qeyd edək ki, Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın fevralın 12-də yayımladığı son məlumatına görə, ölkədə 357 siyasi məhbus var.
Son zamanlar Azərbaycanda hətta dövlətə xəyanət maddəsi ilə də siyasi təqiblər başlayıb.
Azərbaycanda belə yaşamayan tədqiqatçı İqbal Əbilov və politoloq Bəhruz Səmədova qarşı da məhz bu ittiham irəli sürülür. Yerli vətəndaş cəmiyyəti, eləcə də bir çox beynəlxalq təşkilatlar bunu Azərbaycanda ifadə azadlığına təzyiqin növbəti təzahürü kimi qiymətləndirdi.
Daha ətraflı Meydan TV-nin materialında oxuyun
Əsgərov: “İnsanları sosial şəbəkələrdə yazılanlara görə həbs etmirlər”
“Bakıda mən öz evimdəyəm. Mən bilirdim ki, [Azərbaycanda] repressiv qanunlar yoxdur. Burada mən küçəyə çıxıb “sülh” sözünü deyə bilərəm, müharibəyə “müharibə” deyə bilərəm, özümü azad hiss edə bilərəm və “Facebook”da yazdığım yazıya görə məni hansısa cinayətdə ittiham edəcəklərindən qorxmuram”, – Əsgərov müsahibəsində deyir.
Halbuki Azərbaycanda sosial şəbəkələrdə yazılanlara görə cəzalandırırlar.
Belə ki, 2024-cü ilin yazında ölkədə on tiktoker “qeyri-etik paylaşımlar və çağırışlar” etdiklərinə görə həbs edib. 36 yaşlı Sadiq Mirzəyev “videolarında nalayiq ifadələr işlətdiyinə və bununla da azyaşlı oğlunun tərbiyəsinə mənfi təsir göstərdiyinə” görə 30 gün həbsdə olub.
Daha ətraflı Meydan TV-nin materialında oxuyun
Əsgərov: Ölkədə söz azadlığı var
“Küçəyə çıxıb İlham Əliyevin əleyhinə nəsə deyə bilərsən?”, – deyə Dud Əsgərovdan soruşur. “Əleyhinə deyiləmsə, mən bunu niyə etməliyəm?” ,– Əsgərov jurnalistin sualına sualla cavab verir və əlavə edir: “Söz azadlığının mövcud olduğu ölkədə hansı diktaturadan söhbət gedə bilər?”.
Hazırda Azərbaycanda 30-a yaxın jurnalist və fəal həbsdədir. Təkcə Meydan TV işi ilə bağlı 10 nəfər məsuliyyətə cəlb edilib. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar.
Daha ətraflı Meydan TV-nin materiallarında oxuyun