Fazil Qasımov hakimlər kollegiyasına müraciət edərək tədbir görülməsini istəyib
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) keçmiş sədri, iqtisadçı Qubad İbadoğlunun həbsindən sonra Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən və onunla eyni cinayət işi üzrə ittiham olunan İstanbul Universitetinin doktorantı Fazil Qasımov işgəncəyə məruz qaldığını bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində yanvarın 10-da keçirilən məhkəmə prosesində Fazil Qasımov işinə baxan hakimlər kollegiyasına müraciət edərək tədbir görülməsini istəyib.
Fazil Qasımov bildirib ki, yanvarın 9-da keçirilən məhkəmə iclasında vəkili Fuad Ağayev müdafiəsini qurmaq məqsədilə ona bir sıra sənədlər təqdim etmişdi. Lakin məhkəmədən qayıdanda onu qandallı vəziyyətdə yerə yıxıb, zor tətbiq ediblər.
Vəkilinin verdiyi sənədləri də ondan alıb, geri qaytarmayıblar.
Həm fiziki, həm də psixoloji işgəncəyə məruz qaldığını deyən alimin sözlərinə görə, məhkəmə baş verənlərə biganə qalmamalıdır. Çünki onun həm işgəncəyə, pis rəftara məruz qalmamaq, həm də müdafiə hüququ pozulur.
Fazil Qasımov bildirib ki, ona faktiki özünü müdafiə etməyə imkan verilmir. Lakin Mahirə Kərimova, Anar Sadıqov və Fəxri Məmmədovdan ibarət hakimlər kollegiyası təqsirləndirilən alimin şikayətilə bağlı tədbir görməkdən imtina edib.
İddia ediblər ki, prosesdən kənarda baş verənlərin məhkəməyə aidiyyəti yoxdur.
Fazil Qasımovun vəkili Fuad Ağayev məhkəmənin bu cür yanaşmasına etiraz edib.
Vəkil bildirib ki, hakimlərin belə münasibəti təqsirləndirilən şəxsə qarşı qərəzdir, müdafiə hüququnun pozulmasıdır:
“Məhkəmə şəxsin müdafiə hüququnun pozulmasına biganə yanaşa bilməz. Bu nə münasibətdir? O sənədlər şəxsin özünü müdafiə edə bilməsi üçün çox vacibdir. Sənədləri adamın əlindən alıblar. Siz isə deyirsiniz ki, məhkəmə bu məsələlərə qarışmır”.
Etirazlara baxmayaraq, hakimlər təqsirləndirilən şəxsə qarşı zorakılıqla bağlı şikayətin araşdırılması, eləcə də onun müdafiə hüququnun təmin olunması məsələsilə bağlı tədbir görməyib.
Fazil Qasımov Anar Əliyev adlı şəxslə birlikdə mühakimə edilir.
Ötən məhkəmə iclasından Anar Əliyevin dindirməsi başlayıb.
O, Fazil Qasımovu tanımadığını, ilk dəfə məhkəmədə gördüyünü desə də, Qubad İbadoğlunun əleyhinə ifadə verib.
Ondan tapıldığı iddia edilən saxta 1000 dolları da Qubad İbadoğludan aldığını deyib.
Budəfəki məhkəmədə Fazil Qasımovun özü və vəkili Anar Əliyevə bir neçə sual versə də, o, həmin sualları cavablandırmaqdan imtina edib. Üstəlik, Fazil Qasımovu qınayıb ki, aylardır davam edən məhkəmə iclaslarında çoxsaylı vəsatətlər qaldırır, nəticədə proses uzanır.
Fazil Qasımov isə bildirib ki, heç bir cinayət törətmədiyi halda, şərlənərək il yarımdır həbsdə saxlanılır. Bu səbəbdən təqsirsizsizliyinin üzə çıxmasını, həbsdən buraxılmasını istəyir.
Fazil Qasımov 2024-cü ilin iyunundan həbsdə aclıq aksiyası keçirir, yalnız maye qəbul edir.
Yaxınlarının bildirdiyinə görə, vaxtaşırı bal ilə maye qarışığı qəbul elədiyinə görə orqanizm 6 aydan çox davam edən aclığa tab gətirə bilib.
Fazil Qasımov və Anar Əliyevin məhkəməsi yanvarın 16-da davam edəcək.
Qubad İbadoğlu 2023-cü il iyulun 23-də tutulub, avqustun 8-də isə Fazil Qasımov İstanbulda saxlanılaraq Bakıya gətirilib.
1990-cı il təvəllüdlü Fazil Qasımov özünü təqsirli bilmir və heç bir cinayət törətmədiyini, ona qarşı irəli sürülmüş saxta pul ittihamının yalan olduğunu deyir.
Qubad İbadoğlu tutulduğu gün onun ofisindən 40 min dollar pul tapılıb, bunun da bir hissəsi saxta olub.
İttihama görə, saxta pulları da o, Türkiyədən gətirib.
Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.
İstintaq zamanı Anar Əliyev Qubad İbadoğlunun əleyhinə ifadə versə də, iqtisadçı bu şəxslə heç vaxt əlaqəsi olmadığını, onun yalan danışdığını bəyan edib.
Qubad İbadoğlu 2024-cü il aprelin 22-də həbsdən buraxılıb.
Ev dustaqlığına buraxılandan təxminən 20 gün sonra – mayın 14-də sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.