İlhamiz Quliyevin qeyri-insani rəftara məruz qaldığı bildirilir

İlhamiz Quliyev. Foto: Meydan TV

Anası deyir ki, oğlunu 20 dəqiqə soyuq otaqda, dörd nəfər əməkdaşın yanında lüt saxlayıblar

Bir ildən çoxdur həbsdə olan ictimai fəal İlhamiz Quliyevin Umbakı Penitensiar Kompleksində qeyri-insani rəftara məruz qaldığı bildirilir.

Bu haqda “Azadlıq” radiosuna onun anası Şamama Quliyeva məlumat verib.

Anası deyir ki, İlhamiz Quliyev əvvəl Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılıb.

Dekabrın 12-də ona hökm oxunub, 3 il həbs cəzası kəsiləndən sonra Umbakıya köçürülüb.

Şamama Quliyeva iki gün öncə oğlu ilə görüşüb və dediyinə görə, İlhamiz ona ora köçürüldüyü gün başına gələnləri danışıb:

“Üst-başını yoxlayanda otaq çox soyuq olub. Xahiş edib ki, alt paltarlarını soyunmasın. Orada Ramin Əkbərov adlı biri olub, özünəməxsus tərzdə kobudluq eləyib, zorla tam soyundurublar. Bu vəziyyətdə bir neçə dəfə oturub-qalxmağa məcbur ediblər. Təsəvvür edin, soyuq otaqda, 20 dəqiqə dörd nəfər əməkdaşın yanında lüt saxlayıblar”.

Şamama Quliyeva danışır ki, oğlunun yanına apardığı ərzağı da yararsız hala salıblar. Məsələn, konfetləri bir-bir açıblar, kolbasanı ortadan bölüblər.

“Bunun adı qisas almaqdır”

“Sosiskanı suya tökdülər. Başqa ərzaqları da eləcə. Mən yoxlamanı başa düşürəm. Ancaq hər şeyin də həddi var, insanlığı da gərək unutmayasan. Guya bunlar bilmir ki, İlhamizi şərləyib tutublar? Bunun adı qisas almaqdır”, – Şamama Quliyeva deyib.

O əlavə edib ki, oğluna yalnız ailəsiylə telefon danışığına icazə verilir. Vəkili, Ombudsman Aparatı və başqa qurumlarla əlaqə saxlamaq yasaqlanıb.

İlhamiz Quliyevin yaxınları bugünlərdə məlumat yaymışdı ki, o, ailəsiylə əlaqə saxlayıb, qısa telefon danışığında həbsdə işgəncəyə məruz qaldığını deyib. Dərhal da telefon əlaqəsi kəsilib.

İctimai fəalın şikayətiylə əlaqədar Penitensiar Xidmətə sorğu ünvanlansa da, şərh almaq mümkün olmayıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi, bir qayda olaraq, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qarşı işgəncə, pis davranışla bağlı iddiaları təkzib edir. Onların qanunda nəzərdə tutulmuş bütün hüquqlarının təmin olunduğunu iddia edir.

İlhamiz Quliyev 2023-cü il dekabrın 4-dən narkotik ittihamı ilə həbsdədir. Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 3 il həbs cəzası kəsilib.

O, narkotik ittihamını rədd edir, polislərin ictimai-siyasi fəalları necə şərləməsi haqda “AbzasMedia”ya verdiyi müsahibəyə görə həbs olunduğunu bildirir.

Məhkəməyə ifadəsində deyib ki, əvvəllər polis orqanlarında müstəntiq köməkçisi işlədiyindən bu sistemdə baş verənləri bilirdi.

“AbzasMedia”ya anonim şəkildə verdiyi müsahibədə polisdə narkotiklə şərləmə əməliyyatlarının necə aparıldığı barədə danışıb.

Bu müsahibədən sonra İlhamiz Quliyev polisə tabesizlik ittihamıyla 30 sutka inzibati həbs edilib. Həbsdən buraxılandan sonra ölkədən çıxışına qadağa qoyulduğu məlum olub.

Hazırda onlarla ictimai-siyasi fəal narkotik ittihamıyla həbsdədir. Onlar bu ittihamı rədd edir, şərləndiklərini deyirlər.

Daxili İşlər Nazirliyi həbs olunanların konkret faktlar əsasında həbs olunduqlarını iddia edir.

Ana səhifəSiyasətİlhamiz Quliyevin qeyri-insani rəftara məruz qaldığı bildirilir