Zurabişvili xalqa səsləndi: “İki yolumuz var: ya yeni seçkilər keçirmək, ya da rejimi devirmək” (Yenilənib)

Salome Zurabişvili. Foto: Reuters

Gürcüstanın Prezidenti Salome Zurabişvili yeni parlament seçkilərinə hazırlıq məsələləri ilə məşğul olacaq şuranın yaradıldığını bildirib.

“Artıq tezliklə baş tutacaq seçkilərin keçirilməsi üçün bütün şərtlərin təsvir olunacağı sənəd hazırlanır”, – Gürcüstan mətbuatı Zurabişviliyə istinadla yazır.

Dekabrın 23-də Tbilisidə minlərlə insanın iştirak etdiyi mitinqdə o, hakim partiyaya yeni seçkilərin tarixini təyin etmək üçün altı gün vaxt verib.

“Gürcü Arzusu” Partiyası tələbi gülünc adlandırıb və ona məhəl qoymayıb.

“Böhran gündən-günə güclənir və dərinləşir, hakim partiya bunu ya görmür, ya da görmək istəmir”, – Prezident qeyd edib.

Tbilisinin meri Kaxa Kaladze Zurabişvilinin yeni yaradılmış şura ilə bağlı dediklərini “cəfəngiyyat” adlandırıb.

“Bu, sadəcə cəfəngiyatdır, heç bir mənası yoxdur. Bugünkü vəziyyətdə gördüyümüz məğlub insanların çarəsizliyidir. Onlar yaxşı bilirlər ki, seçkilər azad şəraitdə keçirilib, çoxpartiyalı olub. Yaxşı bilirlər ki, onların sərbəst şəkildə təşviqat aparmaq imkanı var idi, amma bunu etmədilər. Niyəsini bilmirəm, aydın deyil. Ən əsası isə insanlar azad mühitə gəlib öz seçimlərini etmək imkanı əldə etdilər. Söhbət hansı şuralardan gedir? Sadəcə, bir-biri ilə “hakimiyyət” oynayırlar. Bu, acı faktdır və onların vəziyyətidir. ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyində seçkilərin çoxpartiyalı olduğu, ölkəmizin əhalisinin seçim etmək imkanı olduğu, prosesin dinc şəraitdə keçdiyi birbaşa aydın şəkildə yazılıb”, – Kaxa Kaladze bildirib.


Prezident hüquqi yolların tükəndiyini deyir

Gürcüstan Prezidenti Salome Zurabişvili videomüraciət edib.

O bildirib ki, hakim “Gürcü Arzusu” Partiyası və müxalifət yeni parlament seçkilərinin təyin edilməsi məsələsində kompromis əldə etməsələr, o zaman Gürcüstan “rejimin devrilməsi” ilə üzləşəcək.

“Böhran elə bir mərhələyə çatıb ki, bizim başqa seçimimiz qalmayıb. Bu böhranı belə nisbətlərə çatmadan saxlamaq üçün bütün mümkün hüquqi vasitələri sınamışıq və sınaqdan keçirmişik. Bunlar məhkəmə prosesləri idi, amma məhkəmələrimizin acınacaqlı durumuna görə nəticə əldə edə bilmədik”, – Zurabişvili deyib.

Onun fikrincə, Konstitusiya Məhkəməsinin “Gürcü Arzusu”nun qələbəsi ilə bağlı iddianı qəbul etməməsi və ona baxmaması “Konstitusiyaya zidd yeni vəziyyət yaradıb”.

“Mənsiz və ya Konstitusiya Məhkəməsinin cavabı olmadan qeyri-legitim parlament çağırılmamalıdır”, – Gürcüstan Prezidenti qeyd edib.

O əlavə edib ki, iddia Avropa İnsan Hüquqları Məhkəməsinə də verilib, lakin cavab bir neçə günə olmayacaq.

“Heç bir hüquqi, Konstitusiya yolu qalmayıb. Qalan yeni seçkilərin təyin edilməsidir və bu, xalqın tələbi, mənim tələbim və siyasi partiyaların tələbidir”, – dövlət başçısı bildirib.

Zurabişvili hesab edir ki, mövcud vəziyyətin iki həll yolu var: ya dekabrın 29-na qədər yeni seçkilər keçirmək və seçicilərin etimadını bərpa etmə, ya da indiki rejimi devirmək.

Oktyabrın 26-da Gürcüstan parlamentinə seçkilər keçirilib.

2012-ci ildən ölkəni idarə edən “Gürcü Arzusu” Partiyası 53,92% səslə qalib gəlib.

Müxalifət koalisiyaları səsvermənin nəticələrini tanımaqdan imtina ediblər.

Zurabişvili yeni parlamenti “qeyri-legitim” adlandırıb və yeni seçkilər keçirilənə qədər istefa verməkdən imtina edib.

Gürcüstanın Konstitusiya Məhkəməsi Zurabişvilinin oktyabrın 26-da keçirilən və “Gürcü Arzusu”nun qalib gəldiyi parlament seçkilərini Konstitusiyaya zidd kimi tanımaq iddiasını qəbul etməyib.

Baş nazir İrakli Kobaxidze dekabrın 29-da səlahiyyət müddəti bitənə qədər vəzifəsini tərk etmədiyi təqdirdə onu cinayət işi ilə hədələyib.

Bunun fonunda respublikada kütləvi etirazlar davam edir.

Mixail Kavelaşvili Gürcüstanın yeni Prezidenti seçilib, onun andiçmə mərasimi dekabrın 29-na təyin edilib.

Polşa Prezidenti Andjey Duda “X” hesabında Gürcüstanda mövcud vəziyyətə münasibətini bildirib.

O qeyd edib ki, Gürcüstandakı mövcud vəziyyətdən ən yaxşı çıxış yolu ATƏT-in tövsiyələrinə uyğun olaraq təkrar parlament seçkilərinin keçirilməsidir.

“ATƏT-in tövsiyələrinə uyğun olaraq yeni seçkilərin keçirilməsi mövcud böhrandan çıxış yoludur”, – Andjey Duda qeyd edib.

Ana səhifəDünyaZurabişvili xalqa səsləndi: “İki yolumuz var: ya yeni seçkilər keçirmək, ya da rejimi devirmək” (Yenilənib)