Prokuror Teymur Kərimova 9 il həbs cəzası istədi

Foto: Teymur Kərimovun şəxsi arxivindən

Ona həmçinin 2 il 6 ay jurnalistika ilə məşğul olmaq qadağan edilə bilər

“Kanal 11” internet televiziyasının rəhbəri, bir ildən çoxdur həbsdə olan jurnalist Teymur Kərimovun işi üzrə məhkəmə istintaqı başa çatıb.

Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror onun 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı onun 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə təqsirli bilinməsini, əlavə cəza kimi ona 2 il 6 ay jurnalist fəaliyyətilə məşğul olmasının qadağan edilməsini təklif edib.

Teymur Kərimovla eyni cinayət işi üzrə İstək Totiyeva da təqsirləndirilir.

O, kanalda qısa müddət reportyor kimi fəaliyyət göstərib.

İstək Totiyeva həbsdə deyil, onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Prokuror onun 3 il azadlıqdan məhrum edilməsini istəyib.

Jurnalistin işi üzrə Leyla Almaszadə və Fərrux Ələkbərov zərərçəkmiş qismində tanınıb.

İttihama əsasən, Teymur Kərimov və İstək Totiyeva video-materialın internet kanalından silinməsi üçün 10 min manat pul istəyib, son nəticədə 1000 manat alıb.

Prokurorun çıxışından əvvəl Teymur Kərimov və vəkili Nemət Kərimli vəsatətlər qaldıraraq, zərərçəkmiş qismində tanınan Fərrux Ələkbərov və İstək Totiyevanın telefon anten məlumatlarının alınması, onların görüşüb-görüşmədiklərinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı çoxsaylı vəsatətlər qaldırıb. Lakin vəsatətlər təmin edilməyib.

Teymur Kərimov bildirir ki, Fərrux Ələkbərovdan pul tələb olunması və alınması haqda ittiham saxtadır.

O, sifarişlə bu işə cəlb edilib və ifadə verib.

Digər zərərçəkən Leyla Almaszadə özü də məhkəmədə Teymur Kərimovdan şikayətçi olmadığını və ona pul vermədiyini bildirib.

Teymur Kərimov özünü təqsirli bilmir.

O bildirib ki, ona qarşı irəli sürülən hədə-qorxu ilə tələbetmə ittihamı əsassızdır.

Teymur Kərimov jurnalist fəaliyyətinə – qanunsuzluqları çəkib göstərdiyinə görə cəzalandırıldığını deyir.

Prokurorun çıxışından sonra vəkil vaxt istədiyinə görə məhkəmə prosesi dekabrın 28-nə qədər təxirə salınıb.

2023-cü ilin dekabrından həbsdə olan Teymur Kərimovun məhkəmədə bildirdiyinə görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“Bandotdel”) əvvəl onu narkotiklə şərləmək istəyiblər.

Hətta narkotiki üzərinə götürməsi üçün döyüblər. Lakin bunu qəbul eləmədiyini görəndə şantaj ittihamı ortaya çıxıb.

Ana səhifəSiyasətProkuror Teymur Kərimova 9 il həbs cəzası istədi