Özünü “Bəxtiyar Hacıyevin girovu” adlandıran ictimai fəala 8 il cəza tələb olundu

Rail Abbasov. Foto: Şəxsi “Facebook” səhifəsindən

Rail Abbasov dekabrın 26-da son sözünü deyəcək

1 il 3 aydır həbsdə olan ictimai fəal Rail Abbasovun işi üzrə məhkəmə istintaqı dekabrın 19-da tamamlanıb.

Dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək, onun 8 il azadlıqdan məhrum edilməsini istəyib.

Hakim Mahirə Kərimovanın sədrliyilə keçirilən məhkəmə prosesində Rail Abbasovun vəkili Elçin Sadıqov bir neçə vəsatət qaldırıb.

Müdafiəçi məhkəmədə zərərçəkmiş qismində tanınan Əsgər Həziyevin ailə tərkibi haqqında məlumatların məhkəməyə təqdim olunması, onun özü və ailə üzvlərinin ölkədən gediş-gəlişi haqda informasiyanın əldə edilməsi  barədə vəsatətlər qaldırıb:

“Əsgər Həziyev bildirir ki, övladları Rusiyada bizneslə məşğuldur, ora gedib-gəlirlər, pul qazanırlar. Həmin pulla ev almaq istəyirdi. Guya Rail Abbasova verdiyi də o pul olub. Araşdıraq görək ki, dediyi doğrudurmu?”

Prokuror bildirib ki, pulun mənbəyilə bağlı araşdırma aparmağa ehtiyac yoxdur.

Hakimlər də bu vəsatəti təmin etməyib. Lakin onun ailə tərkibi ilə bağlı məlumatı elə məhkəmə sistemi vasitəsilə əldə ediblər.

Vəkilin daha bir vəsatəti isə Rail Abbasovun mobil telefonunun məhkəməyə gətirilməsi və ona baxış keçirilməsi haqda olub. Lakin bu vəsatət də təmin olunmayıb.

Vəkil Elçin Sadıqov məhkəməyə zərərçəkmiş qismində tanınan Əsgər Həziyev və onun xeyrinə şahidlik edən şəxslər haqqında məlumatlar təqdim edib.

Həmin məlumatlara əsasən, Əsgər Həziyev əvvəllər İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə 2 ay həbs cəzası alıb. Onun xeyrinə şahidlik edənlər isə bir çox başqa işlərdə də müxtəlif adamların əleyhinə ifadələr veriblər. Hətta biri 10 işdə şahid olub.

“Bunun günü elə məhkəmələrdə keçirmiş”, – Rail Abbasov bildirib.

Daha sonra hakim məhkəmə istintaqının yekunlaşmasını təklif edib. Lakin vəkil Elçin Sadıqov razılaşmayıb.

O bildirib ki, məhkəmə araşdırmaları natamam aparılıb.

Müdafiə tərəfi etiraz etsə də, istintaq tamamlanıb və çıxışlar başlayıb.

Çıxış edən prokuror bildirib ki, Rail Abbasova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə irəli sürülmüş ittiham məhkəmədə təsdiqini tapıb. Çıxışının sonunda isə ictimai fəalın 8 il azadlıqdan məhrum edilməsini istəyib.

Dekabrın 26-da keçiriləcək növbəti məhkəmə iclasında vəkil çıxış edəcək. Daha sonra Rail Abbasov son sözünü deyəcək.

Rail Abbasov məhkəmədə ifadə verərkən özünü həbsdə olan digər ictimai fəal “Bəxtiyar Hacıyevin girovu” adlandırıb.

O bildirib ki, Bəxtiyar Hacıyevlə dostluğuna, onu müdafiə etdiyinə görə şərlənərək həbs olunub.

Daşınmaz əmlak alqı-satqısıyla məşğul olan Rail Abbasov mənzil almaq istəyən Əsgər Həziyevi aldadaraq, 217 min manat pulunu ələ keçirməkdə təqsirləndirilir.

İttihama görə, ev almaq istəyən Əsgər Həziyev Rail Abbasova 217 min manat pul verib. 4 gün sonra isə polisə şikayət edərək, onun həbsinə nail olub.

Rail Abbasov isə bildirib ki, Əsgər Həziyev yalan danışır.

İctimai fəalın sözlərinə görə, bu şəxsi onun yanına əvvəldən hazırlanmış plana əsasən, məqsədli şəkildə göndəriblər.

Rail Abbasov məhkəmədə danışıb ki, Əsgər Həziyev ondan mənzil tapmasını istəyib.

O da qarşı tərəfin istəyinə uyğun mənzil tapıb, notarial qaydada alqı-satqı olub, pulu da bank vasitəsilə satıcıya köçürülüb.

Sonradan Əsgər Həziyev onunla yenidən əlaqə saxlayıb, görüşmək istədiyini deyib:

“Məni restorana dəvət elədi. Restoranda mənə bir sellofan verdi, baxdım ki, şokoladlardır. Dedi ki, “evin şirinliyidir”. Mən də götürdüm. Sən demə, bu görüş planlı olub. 4 gün sonra polisə şikayət hazırlanıb, orada göstərilib ki, guya klyokda mənə pul verib. O şokoladlar da, klyok da indiyə qədər evimizdə qalır”.

Ana səhifəSiyasətÖzünü “Bəxtiyar Hacıyevin girovu” adlandıran ictimai fəala 8 il cəza tələb olundu