Bir sıra Qərb ölkələri və təşkilatları Azərbaycana qarşı kampaniya aparmaqda qınanılır
Milli Məclisin komissiyası COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlayıb.
Hesabatda qeyd olunur ki, 2023-cü il dekabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi qərarı verildiyi gündən Azərbaycana qarşı informasiya əməliyyatları kəskin hal alıb:
“Kampaniyanın getdikcə əlaqələndirilmiş formada aparılaraq kütləviləşməsi səbəbindən spiker Sahibə Qafarovanın tapşırığı ilə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsində araşdırmalara başlayıb. Araşdırmaların nəticəsi olaraq, oktyabrın 21-də “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda Milli Məclisin deputatlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin, beyin mərkəzləri təmsilçilərinin, hibrid təhdidlər və kibertəhlükəsizlik üzrə ekspertlərin iştirakı ilə ictimai müzakirə keçirilib və məsələ ətrafında geniş fikir mübadiləsi aparılıb”.
“Qısa müddət sonra isə həmin müzakirənin yekunları və açıq mənbələrdən əldə edilən məlumatların təhlili əsasında bu ilin noyabrında Azərbaycan və ingilis dillərində “COP29-a qarşı hibrid hücumlar: Cəmiyyətimiz hibrid təhdidlərin qurbanı olmamalıdır!” adlı xüsusi hesabat hazırlanıb, – məlumatda deyilir.
“Azərbaycana qarşı istifadə olunan hibrid təhdidləri dezinformasiya, habelə hüquq və müharibə terminlərinin kombinasiyasından yaranmış “Lawfare” növləridir. Onların haradan və kimlər vasitəsilə təşkil olunduğu sübuta yetirilir”, – sənəddə vurğulanır.
Həmçinin sənəddə bildirilir ki, bəzi ölkələr hibrid hücumlarını təşkil edərkən beynəlxalq hüququn norma və prinsiplərindən yayınırlar.
Hesabatda hibrid hücum alətləri kimi ittiham olunan bir sıra beynəlxalq insan hüquqları təşkilatları da qınanılır:
“Eyni zamanda, onların maliyyələşmə mexanizmləri və idarəçiliyindəki şəxslərin tərəfsiz olmadıqları, müəyyən qrupları, habelə Ermənistanın və dünya erməniliyinin maraqlarını təmsil etdikləri müəyyən edilir”.
Yekunda bildirilir ki, son aylarda COP29-la bağlı Azərbaycana qarşı sosial medialarda və bir sıra Qərb KİV-lərində kampaniyalar aparılıb.
“Beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından, qeyd olunan xüsusi hesabatın dost və tərəfdaş ölkələrin parlamentlərinə göndərilməsi də nəzərdə tutulur”, – deyə Milli Məclis qeyd edib.