389 cinayət işinin bir icraatda birləşdirildiyi bildirilir
Qarabağ separatçılarının rəhbərləri barəsində cinayət işi baxılmaq üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Azərbayan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında bildirilir ki, 389 cinayət işi bir icraatda birləşdirilib.
Bunlar 1987-ci ilin oktyabrından Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “Dağlıq Qarabağ Respublikası”nın qanunsuz silahlı birləşmələri tərəfindən törədilmiş cinayətlərə aiddir.
Prokurorluğun məlumatına görə, toplanmış sübutlar əsasında 2548 epizod üzrə 15 nəfər – Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Roberti cinayət məsuliyyətinə cəlb edilib.
Bildirilir ki, onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) maddələrilə ittihamlar irəli sürülüb.
Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslərin barəsində də cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.
2023-cü il oktyabrın 5-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan və Bako Saakyan, “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyanın saxlanılması ilə bağlı videogörüntülər yayıb.
Qurum bildirib ki, araşdırmalar zamanı Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki və İşxanyan Davit Rubeni tərəfindən Azərbaycan ərazisində müvafiq olaraq qondarma “Dağlıq Qarabağ Respublikasının prezidentləri” və “prezidenti vəzifəsinin müvəqqəti icraçısı” və digər adlar altında Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilinə, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar təşkil edən həmin qanunsuz silahlı birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsinə, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrinin, döyüş sursatı, partlayıcı qurğular əldə edilməsinə, başqasına verilməsinə, saxlanılmasına, daşınmasına və gəzdirilməsinə, pul vəsaitlərini və digər əmlakı tamamilə və qismən, bilavasitə və dolayısı ilə həmin qanunsuz silahlı birləşmələrin terror aktları törətməsi istiqamətində istifadə edəcəyini bilərək həmin məqsədlə qəsdən toplamaq, ayırmaq və verməklə terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən edilib.