Paşinyan məsələnin araşdırıldığını deyir
Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında vətəndaşlara mülkiyyət hüququ verib.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.
Bu açıqlama Tavuş bölgəsinin Kirants kəndində qonşu Azərbaycan torpaqlarına iddia edən sakinlərin qanunsuz torpaq mülkiyyəti məsələlərinin araşdırılmasına səbəb olub.
“Kirantsda mübahisəli olan bir neçə mülkiyyət şəhadətnaməsi çox güman ki, qanunsuz şəkildə verilib. Hökumət onların hüquqi əsaslarını araşdırdı və heç bir qanuni əsas tapmadı”, – deyə Paşinyan bildirib.
O əlavə edib ki, məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Oktyabrda parlamentdə çıxışı zamanı Paşinyan, bu ilin əvvəlində demarkasiya prosesi nəticəsində Azərbaycana qaytarılmış ərazilərdə təxminən 60 torpaq sahəsinin Ermənistanın Dövlət Kadastr Komitəsi tərəfindən verilmiş sənədlərlə şəxsi mülkiyyət kimi qeydə alındığını vurğulayıb.
Hazırda aparılan araşdırma vətəndaşların Azərbaycan kəndi Xeyrimliyə məxsus torpaqlara necə mülkiyyət hüququ əldə etdiyini aşkar etməyə çalışır.
Paşinyan həmçinin müxalifətin 1976-cı il SSRİ xəritələri əsasında demarkasiyanı qəbul etməmək barədə iddialarına toxunub.
O, hökumətin yanaşmasını müdafiə edərək, həmin xəritələri rədd etməyin Ermənistanın suverenliyini və müstəqilliyini sual altına alacağını bildirib.
“Biz SSRİ Ermənistanının ərazisi ilə müstəqillik qazandıq və beynəlxalq ictimaiyyət bizi məhz bu şəkildə tanıdı. Beynəlxalq səviyyədə tanınmış ərazilərimizə sadiq qalmaq bizim üçün vacib bir qoruyucu faktordur”, – Paşinyan bildirib.
Bu açıqlamalar Ermənistanda ərazi razılaşmalarının nəticələri və münaqişədən sonrakı suverenlik məsələlərinin idarə edilməsi ilə bağlı davam edən siyasi mübahisələri daha da alovlandırıb.
Erməmistanla Azərbaycan arasında nə baş verib?
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.