“Məhkəmə nəzarəti olmayan şəraitdə də sui-istifadələr davam edəcək”
Dekabrın 6-da Baş nazir Əli Əsədovun qərarı ilə “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin siyahısı” genişləndirilib. Siyahıya aşağıdakı məzmunda 17-24-cü hissələr əlavə edilib:
- İnsanın psixofiziki reaksiyalarının qeydi üçün çoxkanallı reqistratorlar;
- Radioyayım qurğularının olduğu yerin müəyyən edilməsi və nəzarətdə saxlanılması üçün nəzərdə tutulmuş radioavadanlıq daxil olmaqla, ötürülən məlumatın və gizli yerləşdirilmiş texniki vasitələrin aşkar edilməsi üçün çoxfunksiyalı texniki vasitələr;
- Akustik məlumatın məsafəyə ötürülməsi, işlənilməsi, gücləndirilməsi və dəyişdirilməsi üçün texniki vasitələr;
- Video və (və ya) audioməlumatın gücləndirilməsi, işlənilməsi, yazılması, saxlanılması və əks etdirilməsi üçün kiçik ölçülü (50x50x50mm-dən az) texniki vasitələr;
- Təsvirin ötürülməsi, optik və ya optik-elektron dəyişdirilməsi üçün texniki vasitələr;
- Radioyayım tezlik diapazonlarından kənarda işləyən ötürücü-qəbuledici radioavadanlıq;
- Telefon danışıqlarının çoxkanallı (2 və daha çox xətlərdən) qeydini (yazılmasını) aparan texniki vasitələr və proqram təminatları;
- Radioefirdə nəzarət və axtarış həyata keçirilməsi üçün gizli daşınan radiopelenqasiya və radionaviqasiya vasitələri.
Hüquqşünas Səməd Rəhimli Meydan TV-yə bildirib ki, bu dəyişiklik sui-istifadə hallarını daha da genişləndirəcək:
“Kəşfiyyat və əks-kəşfiyyat haqqında qanun, dinləmə, izləmə ilə bağlı məsələlərdə Azərbaycan hökuməti çoxdandır sui-istifadələrə yol verir. Mövcud qanunvericilikdə dəyişikliklər də bu sui-istifadələrə yeni imkan yaradır. Burada ən ciddi məsələ bu cür sui-istifadələrin məhkəmə tərəfindən aradan qaldırılmamasıdır. Məhkəmə nəzarəti olmayan şəraitdə də sui-istifadələr davam edəcək. Qanunvericilik sui-istifadələrə açıqdır və müstəqil məhkəmə sistemi olmadığı üçün də nəzarət mümkün deyil”, – Səməd Rəhimli deyib.
Öncəki “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin siyahısı”nda isə telefon danışıqlarının, texniki rabitə kanallarının, poçt bildirişlərinin gizli izlənilməsi və tədqiqi, həmçinin binalar, nəqliyyat vasitələri və digər obyektlər üzərində müşahidə üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələr daxil idi.