Əziz Orucovun üzərindən “qaçaqmalçılıq” ittihamının götürüldüyü bildirilir

Əziz Orucov. Foto: Meydan TV

Kanal rəhbəri hakim qarşısına tək çıxarılacaq

“Kanal 13” internet televiziyasının Bakı ofisinin həbsdə olan rəhbəri Əziz Orucovun işi Səbail Rayon Məhkəməsinə göndərilib. Onun işinə hakim Günel Səmədovanın sədrliyilə baxılacaq.

Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılanda ona qarşı Cinayət Məcəlləsinin 188.2 (mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülmüşdü.

Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib.

3 gün sonra – dekabrın 22-də isə kanalın əməkdaşı Şamo Eminov da eyni cinayət işi üzrə Cinayət Məcəlləsinin 206.3.2 maddəsilə təqsirləndirilərək həbs olunub.

Meydan TV-nin əldə etdiyi məlumata görə, istintaqın sonunda Əziz Orucovun işi yüngülləşdirilərək, yalnız torpaq məsələsilə bağlı ittihamla – Cinayət Məcəlləsinin 188.2 maddəsilə məhkəməyə göndərilib.

Bundan başqa, o, məhkəmə qarşısına tək çıxarılacaq. Yəni kanalın əməkdaşı Şamo Eminov onunla birlikdə mühakimə olunmayacaq. Şamo Eminovun işi barədə isə məlumat yoxdur.

Əziz Orucovun məhkəmədə mühakimə olunacağı Cinayət Məcəlləsinin 188.2 maddəsində 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası var.

Əziz Orucova qarşı ittihamda göstərilib ki, o, Səbail rayonu ərazisində tikinti üçün dövlət orqanlarının icazəsi olmadan ev inşa etdirib. “Kanal 13” rəhbəri isə bu ittihamın absurd olduğunu, rəhbərlik etdiyi kanalın fəaliyyətilə əlaqələndirdiyini bildirib. O vurğulayıb ki, jurnalist fəaliyyətinə görə cəzalandırılıb.

Elə vəkili də bu ittihamı əsassız sayır. Deyir ki, Əziz Orucovun ev tikdiyi ərazidə 2000-ə yaxın tikili var. Həmin evlərin də icazə sənədləri yoxdur:

“Bakıda və Abşeron yarımadasında icazəsiz tikilmiş 500 minə yaxın ev var. O zaman həmin evlərdə yaşayan yüzminlərlə adam həbs olunmalıdır?”

2023-cü il noyabrın 27-də axşam saat 18.00 radələrində Əziz Orucovun yaşadığı evdə, ardınca da “Kanal 13”-ün ofisində axtarış aparılıb. Daha sonra o, şübhəli şəxs qismində saxlanılıb.

Əziz Orucov 2017-ci ilin mayında əvvəlcə 30 gün inzibati həbs cəzası almışdı. Bu cəza bitdiyi gün – iyunun 1-də onun barəsində cinayət işi başlanmış, Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülmüşdü. Ona bu ittihamlarla 6 il azadlıqdan məhrumetmə cəzası verilsə də, Ali Məhkəmənin qərarıyla 2018-ci ilin aprelində şərti cəza ilə həbsdən buraxılıb. O zaman da Əziz Orucov ittihamları qəbul etmir, rəhbərlik etdiyi internet televiziyasının tənqidçi fəaliyyətinə görə cəzalandırıldığını bildirirdi.

Son bir il ərzində Azərbaycanda 20-dən artıq jurnalist həbs olunub. Onların arasında “Meydan TV”, “AbzasMedia”, “Toplum TV”, Kanal 13”, “meclis.info” kimi tənqidçi media orqanlarının rəhbərləri və çoxsaylı əməkdaşları var. Jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.

Lakin onlar bu ittihamı rədd edir, jurnalist fəaliyyətlərinə, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.

Ana səhifəSiyasətƏziz Orucovun üzərindən “qaçaqmalçılıq” ittihamının götürüldüyü bildirilir