“Həbsxanalarda məhkumluq həyatı yaşayan insanların çoxu təqsirsizdir”
“Toplum TV” internet televiziyası və eyni adlı portalın təsisçisi, 10 aydır ki, həbsdə olan media eksperti Ələsgər Məmmədli Beynəlxalq İnsan Hüquqları Günündə təcridxanadan ictimaiyyətə məktubu göndərib.
Hüquqşünas məktubunda bildirir ki, Azərbaycanda əksər vətəndaşların hüququ pozulur.
Onun sözlərinə görə, həbsxanalarda məhkumluq həyatı yaşayan insanların çoxu isə təqsirsizdir:
““İnsan haqqı” öz təməlini haqdan alır. Haqq təbiidir, yaradılışla bağlıdır. Doğulduğu andan bu haqq insana təbii qazandırılıb. Hüquq isə veriləndir — parlamentlərin bizə rəva gördüyü həddə. Parlamentin haqqı nə qədər təmsil etdiyi, nə qədər ədalətli olduğu hər zaman mübahisəlidir. Bunu ona görə xatırladıram ki, müstəqil Azərbaycanda həm haqqın, həm də hüququn ən çox pozulduğu, boğulduğu, böhranlı dövrünü yaşayırıq. Təəssüf ki, ölkədə əksər vətəndaşlarımız hüquqsuzluqdan əziyyət çəkir. Həbsxanalarda məhkumluq həyatı yaşayan insanların çoxu təqsirsizdir”, – Ələsgər Məmmədli bildirir.
Məmmədli qeyd edir ki, Azərbaycanda balanslı, müstəqil media nümunələri ağır sınaqla üzləşib:
“Həm tənqidi xarakterini qorumaq, həm də balanslı olmaq asan deyil. Buna cəhd edən jurnalistlərin çoxu hazırda həbsxana divarları arasındadır. Peşəkar mediaların qapısına kilid vurulduqca, tənqidçi jurnalistlər susdurulduqca, vətəndaş cəmiyyəti fəalları təqib olunduqca, boşalan meydanı dolduranlar qeyri-peşəkarlar olacaq və söyüş ritorikasının miqyası artacaq”.
Hüquqşünas deyir ki, insan haqları günü ərəfəsində siyasi motivli həbs dalğasının artması olduqca üzücüdür:
“Saxta sübutlarla, qondarma ittihamlarla son vaxtlar həbs olunan şəxslərin əksəriyyəti bu ölkənin ən dəyərli insanlarıdır. Baş verənlər dövlət və cəmiyyət üçün normal hal deyil. Dərhal, yaralar dərinləşmədən bu prosesi durdurmaq zəruridir. Plüralist bir cəmiyyətdən uzaqlaşmaq vətəndaşlarımıza və dövlətimizə nəzərəçarpacaq zərərlər vurur və vuracaq. Dövlət sükanını əllərində tutanlar insan ləyaqətini qoruyan universal dəyərlərin təminatçısı olduqlarını unutmamalıdır”.
“İnsanın təməl haqlarının doğuşdan olduğuna, heç kim tərəfindən verilmədiyinə inananları, bu haqqa inandıqları üçün azadlığı əlindən alınanları, insanlığa dəyər verən, insan haqlarına sayğı göstərən və insan haqlarını qoruyan hər bir dəyərli insanı İnsan haqları günü münasibətilə təbrik edirəm. Haqq nazilər, amma üzülməz”, – Ələsgər Məmmədli bildirib.
2024-cü il martın 6-da “Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun ofisində polisin axtarışı olub və qapısı möhürlənib.
Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Həbs olunanlar arasında Ələsgər Məmmədli, “Toplum TV”-nin video-redaktoru Müşfiq Cabbar, III Respublika Platformasının spikeri Akif Qurbanov, Qurucu Heyətinin üzvü Ruslan İzzətli və digərləri var.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.
Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.