Bəxtiyar Hacıyev: “Nə sifariş verilibsə, o hökm də oxunacaq”

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

Fəal məhkəmədə Rüfət Səfərov və Meydan TV əməkdaşlarının həbsindən danışıb

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir. 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsidir.

Dekabrın 9-da hakim Əli Məmmədovun sədrliyilə keçirilən məhkəmə iclasında Bəxtiyar Hacıyev son bir həftə ərzində ölkədə hüquq müdafiəçisi Rüfət Səfərov və “Meydan TV”nin 6 əməkdaşının həbs olunmasından danışıb. 

O bildirib ki, bu həbslər ölkədə normal məhkəmə-hüquq sisteminin olmamasının, jurnalistlərin, tənqidçilərin siyasi sifarişlə həbs olunmasının növbəti bariz nümunəsidir.

Hakim Əli Məmmədov tələb edib ki, işə aidiyyəti olan məsələlərdən danışsın.

“Birbaşa aidiyyəti var. Bu həbslər də sübut edir ki, mənim öz təqsirsizliyimlə bağlı ortaya qoyduğum faktların heç bir əhəmiyyəti yoxdur. Nə sifariş verilibsə, o hökm də oxunacaq”, – Bəxtiyar Hacıyev cavab verib.

Daha sonra məhkəmə prosesi sənədlərin araşdırılması ilə davam edib. 

Bəxtiyar Hacıyev bir sıra vəsatətlər qaldırıb. 

İctimai fəalın sözlərinə görə, “Bank Respublika”dakı hesabı haqda məlumat almaq üçün istintaq orqanı mayın 10-da banka məktub göndərib. 

Amma 5 may 2023-cü il tarixli başqa bir sənəddə isə həmin məlumatlara istinad olunub: 

“Əgər ayın 10-da hələ banka sorğu göndərilibsə, 5 gün əvvəlki sənəddə o məlumatlara necə istinad oluna bilərdi?”

Bəxtiyar Hacıyev onunla bağlı cinayət işində saxtakarlığa yol verildiyini vurğulayıb.

İctimai fəal  onunla bağlı məktubların gəldiyi iddia olunan elektron poçt ünvanı ilə bağlı araşdırma aparılması üçün vəsatət qaldırıb. 

Poçt ünvanının kimə aid olduğunun müəyyənləşdirilməsini istəyib. 

Onun fikrincə, sözügedən poçt ünvanı elə daxili işlər orqanlarının özləri tərəfindən yaradılıb və elektron məktubları da onlar göndərib.

Əli Məmmədov, Azad Məcidov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyası vəsatətin baxılmamış saxlanmasına qərar verib. 

Məhkəmə prosesinə sədrlik edən Əli Məmmədov bildirib ki, hökm çıxarılanda müşavirə otağında bu məsələlərə hüquqi qiymət veriləcək.

Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesi davam edir.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrından həbsdədir. Öncə ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. 

Onunla bloger Ülviyyə Muradova (Alovlu) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. 

İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.

2023-cü il iyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb. 

Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. 

Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul eləmir. 

İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.

Ana səhifəXəbərlərBəxtiyar Hacıyev: “Nə sifariş verilibsə, o hökm də oxunacaq”