Meydan TV-nin son həbslərlə bağlı bəyanatı

Məlum olduğu kimi 6 Dekabr Cümə günü saat 13:00 radələrində Meydan TV ilə əməkdaşlıq etmiş bəzi şəxslərlə əlaqəmiz kəsilib. Axtarışlarımız nəticəsində məlum olub ki, həmin şəxslər Bakı Şəhər Baş Polis idarəsində saxlanılırlar.

Aynur Qənbərova (Elgünəş)
Aytac Əhmədova (Tapdıq)
Xəyalə Ağayeva
Natiq Cavadlı
Aysel Umudova
Ramin Cəbrayılzadə (müstəqil jurnalist)

Yuxarıda adları qeyd olunan jurnalistlərin bəzilərinin evlərində axtarış aparılıb. Onlara aid olan şəxsi avadanlıqlar və əşyalar götürülüb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda da qeyd edilib ki, jurnalist Ramin Cəbrayılzadə (Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb. Bundan əlavə bir neçə şəxs də araşdırma çərçivəsində saxlanılıb. Qeyd edək ki, Ramin Deko müstəqil jurnalist olaraq reportyor kimi fəaliyyət göstərir.

Meydan TV rəhbərliyi olaraq bildiririk ki, jurnalistlərimizin saxlanılması, dindirilməsi qeyri-qanunidir və bütün bu ittihamları rədd edirik.

Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub.

Saytımız 2017-ci ildən etibarən ölkə sərhədləri daxilində rəsmi olaraq qadağan edilib. Kanalın sosial media hesabları dəfələrlə kiberhücuma məruz qalıb və məlumat, materiallar silinib.

Meydan TV yarandığı gündən bu yana ölkədə baş verən hadisələri, vətəndaşların problemlərini, onların şikayət və müraciətlərini düzgün şəkildə ictimailəşdirməyə çalışır.

Məqsəd də ölkədə müstəqil və alternativ media qurumu formalaşdırmaq və insanları məlumatlandırmaqdır. Yarandığımız gündən bəri bizə edilən təzyiq və ittihamlar əsassızdır və bir daha qeyd edirik ki, biz jurnalistika fəaliyyətimizə davam edəcəyik.

Ana səhifəXəbərlərMeydan TV-nin son həbslərlə bağlı bəyanatı