“Bakı və Yerevan müqavilə mətninin 17-dən 15-i üzrə razılığa gəlib”

Ermənistan-Azərbaycan. Foto: Michele Ursi/shutterstock

Ceyhun Bayramov: “ATƏT-in keçmiş Minsk Qrupu köhnədir və reallığa uyğun gəlmir”

Azərbaycan və Ermənistanın sazişin preambula, o cümlədən müqavilə mətninin 17-dən 15-i üzrə razılığa gəldikləri bildirilir.

Bu barədə dekabrın 4-də Maltada ATƏT Nazirlər Şurasının iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan danışıb.

Nazir qeyd edib ki, Yerevan Bakı ilə münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqlarda konstruktiv iştirakını davam etdirir.

Onun fikrincə, iradə olarsa, sənədi tez bir zamanda yekunlaşdırmaq və imzalamaq olar:

“Ermənistan Cənubi Qafqazda düşmənçilik “səhifəsini” bağlamağa hazır olduğunu dəfələrlə sübut edib”.

Foto: mfa.am

Ararat Mirzoyanın fikrincə, Yerevan ATƏT-in bütün məsuliyyət zonasında öz prinsiplərinin tam tətbiq edilməsini, güc tətbiqi ilə bağlı ilkin xəbərdarlığını və çevik və qətiyyətli hərəkətə çağırılmasını müdafiə etsə də, qurumun münaqişələrin qarşısının alınması mexanizmləri və alətləri yumşaq desək, hərəkətsiz qalmağa davam etdi.

Rəsmi Bakı ilə son danışıqlara gəlincə, nazir sərhədin demarkasiyası qaydalarının imzalandığını yada salıb:

Demarkasiya üçün əsas kimi 1991-ci il Alma-Ata Bəyannaməsi qəbul edildi. Biz yerlərdə sərhədin 12 km-dən artıq hissəsinin demarkasiyasına nail ola bildik və ümid edirik ki, bu sənəd prosesin səmərəli davam etdirilməsinə zəmin yaradacaq və bununla da regionda sabitliyin bərqərar olmasına mühüm töhfə verəcək. Bütün çətinliklərə baxmayaraq, arzulanan məqsədə çatmaq üçün səylərimizi davam etdirmək əzmindəyik. Bu kontekstdə Ermənistan tərəfinin təklif etdiyi “Dünyanın kəsişməsi” əlaqə layihəsi region ölkələri arasında etimadı artırmaq, etimad mühitini gücləndirmək və daha səmərəli qarşılıqlı əməkdaşlığı stimullaşdırmaq üçün yaxşı potensiala malikdir” .

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun həmin iclasda səsləndirdiyi bəyanatda ATƏT-in keçmiş Minsk prosesi ilə bağlı strukturlarının köhnə olduğu və reallığa uyğun gəlmədiyini deyib:

“Bu strukturların kağız üzərində saxlanması Təşkilatın Maliyyə Qaydalarına ziddir. Müvafiq olaraq, bu vəziyyət büdcə proses çərçivəsində tənzimlənməlidir“.

Foto: XİN

Ceyhun Bayramov onu da bildirib ki, ATƏT-in zərərli ambisiyaların girovuna çevrilməsinə baxmayaraq, bölgədə Ermənistan-Azərbaycan kontekstində xeyli irəliləyişlər əldə olunub:

Qanunsuz hərbi mövcudluğun aradan qaldırılması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası nəticəsində artıq sülh faktiki olaraq bərqərar edilib. Bu, substantiv şəkildə dövlətlərarası münasibətlərin normallaşmasına yol açmaq üçün yeni imkanlar yaradıb. Nazirlər Şurasının son iclasından bəri Azərbaycan və Ermənistan birbaşa ikitərəfli dialoq vasitəsilə sərhədlərinin bir hissəsinin delimitasiyasını və demarkasiyasını başa çatdırıblar. Müvafiq sərhəd komissiyalarının birgə fəaliyyəti haqqında bu yaxınlarda qüvvəyə minmiş Əsasnamə delimitasiya işinin növbəti mərhələlərinin həyata keçirilməsini təmin edəcək. Digər bir istiqamət üzrə isə ikitərəfli Saziş layihəsinin mətni üzərində fəaliyyətdə əhəmiyyətli irəliləyiş əldə olunub. Bu nailiyyətlər birbaşa ikitərəfli danışıqların Azərbaycanın ardıcıl olaraq mübarizə apardığı normallaşma prosesində irəliləməyin ən yaxşı və yeganə əlverişli yolu olduğunu əyani şəkildə göstərir”.

“Əldə olunan tərəqqiyə baxmayaraq, normallaşma istiqamətində həll olunmamış problemlər də qalmaqdadır. Onun yekunlaşdırılması Ermənistanın hələ də Konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit edilmiş ərazi iddialarını aradan qaldırmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməklə bağlı bəyan etdiyi öhdəliyini əməli surətdə həyata keçirməsindən asılıdır. Sülh və mehriban qonşuluq münasibətləri, Ermənistan Konstitusiyasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasının şübhə altına alındığı və ikitərəfli sazişin icrasının Ermənistanın daxili hüquqi və ya siyasi ssenarilərindən asılı olacağı təqdirdə, davamlı və dönməz ola bilməz. Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir və biz buna qarşılıq olaraq Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyirik”, – deyə XİN başçısı əlavə edib.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasət“Bakı və Yerevan müqavilə mətninin 17-dən 15-i üzrə razılığa gəlib”