“Azərbaycan rejimi onu uydurma ittihamlarla həbs etdi”
ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Ben Kardin azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini pisləyib.
Bu barədə “Turan”ın Vaşinqton müxbiri məlumat yayıb.
Senator Azərbaycan hakimiyyətini hüquq müdafiəçisini dərhal azad etməyə çağırıb:
“Rüfət Səfərov insan hüquqları sahəsində xidmətlərinə görə Dövlət Departamentinin mükafatını almaq üçün gələn həftə mənimlə və digər senatorlarla görüşməliydi, lakin Azərbaycan rejimi onu uydurma ittihamlarla həbs etdi”.
“Onun ədalət uğrunda mübarizəsi həbsxana divarlarından kənara çıxır. O, dərhal azad edilməlidir“, – deyə Ben Kardin çağırış edib.
Səfərovun ailəsinin sözlərinə görə, o, insan hüquqları mükafatını almaq üçün yaxın günlərdə ABŞ-yə getməliydi.
“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının direktoru Rüfət Səfərov dekabrın 3-də saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən bədənə az ağır xəsarət yetirmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.
Dekabrın 4-də Binəqədi Rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu, Rüfət Səfərovun ikinci həbsidir.
Zərdabın keçmiş prokuroru Rüfət Səfərov 2015-ci ildə həbs edilib.
2019-cu ildə İlham Əliyev onu əfv edənə qədər üç il həbsdə qalıb.