“Bu bəyanatlar Azərbaycanın məhkəmə sisteminin müstəqilliyini pozmağa açıq cəhddir”
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) dekabrın 4-də İnsan Hüquqları Günü münasibətilə keçirilən tədbirdə çıxış edən Qərb diplomatlarının bəyanatlarına reaksiya verib.
XİN-in açıqlaması gecə saatlarında nazirliyin “X” sosial şəbəkəsindəki hesabında yayılıb.
Azərbaycan XİN Qərb diplomatlarını insan hüquqları ilə bağlı çağırışlarına görə qınayıb və məhkəmə sisteminin işinə “müdaxilənin yolverilməzliyi”ni vurğulayıb.
“Dekabrın 4-də Bakıda keçirilən tədbir zamanı ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda “jurnalistlərin” və “siyasi fəalların” saxlanılması barədə bəyanatlarını qətiyyətlə rədd edirik. Bu bəyanatlar Azərbaycanın məhkəmə sisteminin müstəqilliyini pozmağa açıq cəhddir”, – yazıda deyilir.
Dekabrın 4-də Bakıda İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko (Michalko) ölkədəki problemlərə toxunub.
O, Azərbaycan hakimiyyətini fundamental hüquqlarından istifadə etdiklərinə görə həbsdə olan bütün şəxsləri azad etməyə çağırıb.
İsveçrə səfiri Tomas Ştəlin deyib ki, son toplantıdan sonra söz və media azadlığı sahəsində vəziyyətin daha da pisləşməsinin şahidi olublar.
O qeyd edib ki, medianın susdurulması sülh və əmin-amanlıq üçün can atan istənilən cəmiyyətin inkişafına kölgə salır.
Daha sonra çıxış edən Böyük Britanıyanın səfiri Fergus Auld deyib ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət ötən bir il ərzində yaxşılaşmayıb və müəyyən mənada daha da pisləşib.
Amerika Birləşmiş Ştatlarının səfiri Mark Libbi isə bildirib ki, Azərbaycan insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinə riayət etməlidir.
“Mən Azərbaycan hökumətini bu şəxsləri və ədalətsiz tutulmuş bütün digər şəxsləri azad etməklə öz beynəlxalq insan hüquqları öhdəliklərinə riayət etməyə çağırıram”, – deyə o qeyd edib.
Rəsmi Bakı isə bu çağırışları qəbul etmir və Azərbaycanın daxili işinə müdaxilə sayır.
“Məhkəmə prosesinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyi prinsipinə ziddir ki, bu da qanunun aliliyinin əsas prinsipidir”, – deyə Azərbaycan Xarici İşlər Nazirliyi diplomatlara cavabında vurğulayıb.