Alimlər İqbal Əbilov və digər siyasi məhbusların azadlığa buraxılmasını istəyiblər
Amerika Tarix Assosiasiyası (American Historical Association) Prezident İlham Əliyevə müraciət edərək həbsdə olan etnik tədqiqatçı İqbal Əbilovu azad etməyə çağırıb.
Assosiyasiyasının məktubunda bildirilir ki, tarixçilərin hüququ tədqiqat aparmaqdan və öz rəylərini dərc etməkdən ibarətdir.
“Amerika Tarix Assosiasiyası bütün dünyanı əhatə edən 10500-ə yaxın üzvü olan dünyanın ən böyük peşəkar tarixçi təşkilatıdır. Biz bu beynəlxalq alimlər şəbəkəsi adından Azərbaycanda fərqli və ya tənqidi fikirlərinə görə özbaşına saxlanılan və ya həbs edilən İqbal Əbilov, həmçinin digər şəxslərin azadlığa buraxılmasını tələb edirik”, – Assosiasiyanın icraçı direktoru Ceyms R.Qrossman qeyd edib.
Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb.
Azərbaycandakı milli azlıqlar, o cümlədən talışlarla bağlı araşdırma aparan etnoqraf İqbal Əbilov barəsində 2024-cü il iyulun 24-də Səbail Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Özü də milliyyətcə etnik talış olan İqbal Əbilova qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.
İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumatlara görə, İqbal Əbilov bu ittihamlarla razılaşmır, özünü təqsirli bilmir.
O, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.
İqbal Əbilov Latviyada qeydiyyatdan keçmiş Talış Milli Akademiyasının təsisçilərindən biridir.