Həbsdə olan AXCP üzvünün aclığa başladığı bildirilir

Foto: Elnur Həsənovun şəxsi arxivindən

Elnur Həsənov artıq maye qəbulundan da imtina etdiyini deyib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvlərindən Elnur Həsənovun aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib.

Məlumatda bildirilir ki, AXCP fəalı özü telefon vasitəsilə dekabrın 3-dən aclığa başladığını xəbər verib. Deyib ki, yaxınları ilə görüş hüququnun məhdudlaşdırılmasına etiraz edir.

Bir ildən çoxdur həbsdə olan Elnur Həsənov hazırda Umbakı Penitensiar Kompleksində saxlanılır. O, avqustun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunandan bir gün sonra bura köçürülüb. Sentyabrın 25-də Bakı Apelyasiya Məhkəməsi də AXCP fəalı haqqında 3 il azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb.

“Hökmdə də yazılıb ki, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Apelyasiya məhkəməsinin qərarından sonra hökm qüvvəyə minir. Deməli, Elnur Həsənov da ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülməlidir. Amma iki aydan çoxdur ki, yenə də orada saxlanılır. Nə çəzaçəkmə müəssisəsinə köçürürlər, nə də görüş verirlər. Sonuncu dəfə ona normal görüş iyunun 21-də verilib”, – AXCP-dən bildirilib.

O zaman da Elnur Həsənov aclıq aksiyası keçirmişdi. Nəticədə səhhətində ciddi problemlər yaranmışdı:

“Elnur Həsənov deyir ki, o vaxtdan bu yana yanına gələn yaxınları ilə istər Bakı İstintaq Təcridxanasında, istərsə də Umbakı Kompleksində yalnız şüşə arakəsmə arxasından danışa bilib. Müəssisə rəhbərliyinə açıq görüş üçün müraciət edəndə ona deyiblər ki, bu məsələ onların səlahiyyətində deyil. Penitensiar Xidmətin rəhbərliyi belə göstəriş verib. Bu səbəbdən də dekabrın 3-dən aclığa başlayıb. Dekabrın 4-dən isə maye qəbulundan da imtina etdiyini dedi. Elə bunu demişdi ki, telefon əlaqəsi də kəsildi. Çünki telefon danışıqlarına qulaq asırlar”.

Elnur Həsənovun aclıq aksiyası keçirməsi barədə deyilənlərə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Elnur Həsənov 2023-cü il noyabrın 28-dən həbsdədir. O, narkotik ittihamı ilə həbs edilib. İddia edilib ki, saxlanılarkən cibindən 5,372 qram narkotik tapılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 3 il azadlıqdan məhrum olunub.
Cəbhəçi fəal isə deyir ki, cibinə narkotiki polislərin özləri atıb. O əlavə edib ki, saxlanılarkən və daha sonra polis bölməsində işgəncəyə məruz qalıb, bu yolla onu etiraf ifadəsinə imza atmağa məcbur ediblər:

“Orada da yazıblar ki, guya yerdən tapmışam. Narkotik bostanda bitir? Yerdə tökülüb ki, hamı elə yerdən tapır? Bu qədər yalan, saxtakarlıq olar?”

Onun sözlərinə görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olduğuna görə cəzalandırılır. Elnur Həsənov həbsindən əvvəl yol polislərinin fəaliyyəti barədə sosial mediada yazdığını, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun istefasını tələb etdiyini və bundan dərhal sonra həbs olunduğunu xatırladıb.

Elnur Həsənovun qardaşı 2020-ci ildə 44 günlük müharibədə şəhid olub, atası da 90-cı illərin əvvəlində Qarabağ döyüşlərində sağlamlığını itirib.

Hazırda onlarla ictimai-siyasi fəal, yüzlərlə dini inanclı narkotik ittihamıyla həbsdədir. Onlar ittihamları qəbul etmir, siyasi baxışlarına, tənqidi fəaliyyətlərinə görə şərləndiklərini bildirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bu iddiaların əsassız olduğunu, onların konkret faktlar əsasında saxlandığını bəyan edir.

Ana səhifəSiyasətHəbsdə olan AXCP üzvünün aclığa başladığı bildirilir