Polisin narkotiklə necə şərlədiyi haqda müsahibə verən ictimai fəala 7 il həbs tələbi

İlhamiz Quliyev. Foto: Meydan TV

Polis bölməsi görüntüləri verməkdən imtina edib

Həbsdə olan ictimai fəallardan İlhamiz Quliyevin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində prokuror çıxış edərək, onun 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Bundan əvvəl isə məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyev Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə, 28-ci polis bölməsinə ünvanlanmış sorğulara gələn cavabları elan edib.

28-ci polis bölməsindən videogörüntülər istənilmişdi. Çünki İlhamiz Quliyev bölmədə polis əməkdaşları tərəfindən pis rəftara, işgəncəyə məruz qaldığını bildirir, bunu sübut etmək üçün videogörüntülərin alınmasını istəyirdi.

Lakin bölmədən sorğuya cavab olaraq, görüntüləri verməkdən imtina olunub. Bildirilib ki, İlhamiz Quliyev 2024-cü il dekabrın 4-də saxlanılıb. O vaxtdan videogörüntülər qalmayıb.

Polis idarəsinin müvəqqəti saxlama yerinə gəlincə, İlhamiz Quliyev və vəkili bildirib ki, onun üzərindəki işgəncə izləri ora daxil olanda qeydə alınıb. Bu səbəbdən sorğu göndərilərək, müvəqqəti saxlama yerinin tibbi kartından həmin qeydlər istənilib.

Lakin məhkəməyə göndərilən cavabda bildirilib ki, İlhamiz Quliyevin üzərində xəsarət olmayıb.

Hakim bu cavabı elan edəndən sonra vəkil Zibeydə Sadıqova bildirib ki, yazılanlar doğru deyil. Çünki Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində olduğu müddətdə İlhamiz Quliyevlə görüşdüyü zaman onun üzərindəki işgəncə izlərini öz gözlərilə görüb və tibbi qeydiyyat kartına da qeyd etdirib: “Özüm ora qeyd elətdirmişəm, orada da var. Məhkəməyə həqiqət olmayan məlumat göndərilib”.

Sənədlərin elanı mərhələsi başa çatandan sonra məhkəmə istintaqı yekunlaşıb. Ardınca prokuror çıxış edib. O bildirib ki, İlhamiz Quliyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə) maddəsilə irəli sürülmüş ittiham məhkəmədə sübut olunub və bu maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Dövlət ittihamçısı İlhamiz Quliyevin 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil Zibeydə Sadıqova müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə prosesi dekabrın 13-də davam edəcək.

İctimai fəal ona qarşı irəli sürülmüş narkotik ittihamını rədd edir. O bildirir ki, əksinə, özü ictimai-siyasi fəalların narkotiklə şərlənməsi barədə müsahibə verdiyinə görə cəzalandırılır. Onun sözlərinə görə, cəzalandırılmasının səbəbi həbsindən təxminən iki ay öncə “AbzasMedia”ya müsahibəsində polisin qanunsuz əməllərindən və cinayət işlərinin saxtalaşdırılmasından danışmasıdır.

İlhamiz Quliyev bildirib ki, əvvəllər polis idarəsində müstəntiq köməkçisi işləyib, bu üzdən o sistemdə nələrin baş verməsindən məlumatlı idi. Sentyabrın sonunda “AbzasMedia”ya müsahibəsində də ictimai-siyasi fəalların narkotiklə həbs olunması barədə danışıb. Həmin video-materialda üzü görünməsə də, keçmiş polis əməkdaşı olduğu bildirilib. Onun sözlərinə görə, bir neçə gün ərzində onun kimliyini müəyyənləşdirib, həbs ediblər.

Ana səhifəXəbərlərPolisin narkotiklə necə şərlədiyi haqda müsahibə verən ictimai fəala 7 il həbs tələbi