Rövşən Hacıbəyli
Bura sosial problemlərin müzakirəsi meydanı deyil
Azərbaycanda Milli Məclis adında bəxtsiz bir qurum var. Xarici ölkələrdə bu tipli qurumlara parlament deyirlər. Adamlar ora seçki yoluyla düşə bilir. Yəni ya xalqın içindən çıxan adam, ya da toplumda tanınan adam öz gücünə güvənib seçki marafonuna qoşulur, ətrafı ilə birlikdə təbliğat aparıb, seçicilərini inandırıb, onların səsini qazanıb düşür parlamentə. Bizdə indiyə qədər bu prosesin adı seçki olub, gerçək seçki olmayıb və kimsə öz gücünə ora düşməyib.
Ciddi mübarizə aparanlar olsa da, qutudan Prezident Administrasiyasının qabaqcadan təyin etdiyi (Ramiz Mehdiyev, Gülər Əhmədova və atvyorka məsələsi) adam çıxıb. Mubahisəyə yer yoxdur, Azərbaycanda seçki pozuntuları ilə bağlı Avropa Məhkəməsində udulmuş yüzlərlə iş var. Vəkil Fuad Ağayevin Flora Kərimova işi ilə bağlı Avropa Məhkəməsinə şikayətini misal çəkmək olar. Bu işlə bağlı Avropa Məhkəməsi Azərbaycan hökumətini 50 min avro məbləğində cərimələmişdi. Ondan sonra da seçki saxtakarlığı, pozuntusu ilə bağlı çoxlu cərimələr oldu…
Bunu xatırlatmağımız səbəbsiz deyil. Milli Məclisin büdcə müzakirələri ilə bağlı bu gün (27 noyabr) keçirilən iclasında deputatların çıxışından qəzəblənən sədr Sahibə Qafarova deyib:
“Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütün uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?”
S.Qafarovanın sonuncu cümlələri Əli Həsənovu yada salır. Jurnalistlərə Prezident ənam olaraq ev verəndən sonra hansısa məsələ ilə bağlı problemlər yaşananda Əli Həsənov ev, ad alan jurnalistlərə demişdi ki, Prezident bunları sizə verib, sizin də borcunuz onu müdafiə etməkdir.
İndi dolayısıyla eyni sözü S.Qafarova deputatlara deyir, yəni mandat sizə ona görə verilməyib ki, gəlib burda hökumətin siyasətini tənqid edəsiniz, ağzınıza gələni danışasınız. Tərif, ancaq tərif, MM tərif meydanıdır…
Sahibə xanım, onlara qulaq asmayın, istənilən an sözlərini dəyişə bilərlər, ancaq həm də qınamayın, hərdən belə çıxışlar etmək tapşırığı da gəlir yuxarıdan, «для разнообразия», siz də bilməmiş olmazsız…
Sədr haqlıdır, çünki artıq ikinci dəfədir Milli Məclis, yəni təyin olunmuş deputatlar səlahiyyət müddətləri başa çatmamış qəfildən yararsız olduqlarını anlayıb ölkə başçısına müraciət edirlər ki, onları buraxsın. Başqa hara deyəsidilər ki?! Təyin edən odur, buraxmaq da onluq olmalıdır. 2019-cu ildə buraxılan Milli Məclis 2020-ci ildə təzədən formalaşdırılanda (çoxu köhnələr, yəni “özünüburaxanlar” idi) onlara sədri elə özlərindən təyin etdilər. 2010-cu ildən deputat mandatı verilən, fəal deputat kimi də tanınmayan birini – Sahibə Qafarovanı Milli Məclisin başına gətirdilər; 10 illik, daha dəqiqi 9 illik, deputatlıq fəaliyyəti dövründə Milli Məclisdə bir yaddaqalan çıxışı olmayan adamı. 2010-2019-cu illərdə Milli Məclisin IV-V çağırışında 223 iclas keçirilib. Milli Məclisin indiki sədri Sahibə Qafarova bu 223 iclasdan yalnız 21-də çıxış edib, bir çıxışının isə mətni stenoqramda “edilməmiş çıxışlar” bölməsində yerləşdirilib.
Söz vaxtına çəkər, bu edilməmiş çıxış 22 noyabr 2011-ci ildə olub. Milli Məclisdə edilən çıxışların isə demək olar, hamısını üzündən oxuyub… 30 dekabr 2011-ci ildə Milli Məclis adından Fransa senatına hazırlanmış müraciətin mətnini oxuyub. 24 fevral 2012-ci ildə Xocalı faciəsi, 1 may 2012-ci ildəki iclasda isə Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı danışıb. 2012-ci ildə növbəti çıxışı noyabrın 14-də büdcə müzakirəsi ilə bağlı olub. Başdan-başa tərif olan o çıxışı Qafarova bu sözlərlə bitirib: “…hesab edirəm ki, gələn ilin dövlət büdcəsi sosial yönümlü olmaqla ölkəmizin qarşısında duran məsələlərin həllinə böyük imkan yaradır. Mən bu layihəyə səs verəcəyəm və həmkarlarımı da ona səs verməyə çağırıram”.
Novbəti çıxış Avropa Parlamentinin 2013-cü il 13 iyun tarixli “təxirəsalınmaz” qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı müzakirə olunan 26 iyun 2013-cü ildə olub.
Həmin il noyabrın 13-də büdcə müzakirəsi zamanı çıxış yenə tərif üzərində qurulub və ənənəvi sonluqla bitib: “Son olaraq demək istəyirəm ki, mən bu büdcəyə səs verəcəyəm və həmkarlarımı da buna çağırıram”.
Milli Məclisin 2014-cü ildə keçirilən 20 iclasının heç birindəsə çıxış etməyib. Bilmirəm 2014-cü ildə büdcə MM-də müzakirə olunub, ya yox…
S.Qafarova 2015-ci ildə Milli Məclisin 21 iclasının 5-də çıxış edib. Onlardan birincisi “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı olub. Yenə tərif dolu çıxışda qanun layihəsinə hər hansı təklif edilməyib. 17 mart 2015-ci il tarixli iclasda baş nazirin hesabatı ilə bağlı tərifli çıxış edib. Sonluq yenə uğurlu alınıb: “…əlbəttə, görülən bu işlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin uğurlu fəaliyyətinin də mühüm rolu var. Ona görə də bir daha həm bu fəaliyyəti, həm də təqdim edilən hesabatı yüksək qiymətləndirirəm, hesabata səs verəcəyəm və həmkarlarımı da səs verməyə çağırıram”.
03.04.2015-də “Reklam haqqında” qanunun müzakirəsində, 15.05.2015-ci il tarixdə isə “Vətəndaşların müraciətləri haqqında” qanun qəbul edilən iclasda çıxış edib. Daha sonra MM-in 14 sentyabr 2015-ci il tarixli Avropa Parlamentinin ALDE qrupunun təşəbbüsü ilə Azərbaycana qarşı qəbul olunan qətnaməyə həsr olunmuş növbədənkənar iclasında çıxış edib.
“Tam məsuliyyətlə deyə bilərik ki, bu gün Azərbaycanda demokratiyanın səviyyəsi, insan hüquq və azadlıqlarının vəziyyəti heç bir ölkədəki, o cümlədən Avropa dövlətlərindəki vəziyyətdən geri qalmır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz yolunda inamla irəliləyir və bu kimi təxribatçı addımlar Azərbaycanı müstəqil siyasət kursundan geri çəkindirə bilməz”.
MM-in 2016-cı ildə keçirilən 25 iclasından yalnız birində – 12 fevralda çıxış edib.
2017-ci ildəsə MM-in 22 iclası kecirilib. S.Qafarova bunlardan yalnız 4-də çıxış edib.
MM-in ən məhsuldar illərindən biri 2018-ci il olub, bu ildə 31 iclas keçirilib. 31 iclasın yalnız 3-də S.Qafarova çıxış edib: Nazirlər Kabinetinin hesabatı təqdim olunan iclasda (16.03.2018), “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirə olunan iclasda (16.10.2018) və büdcə müzakirəsində (27.11.2018). Həmişəki kimi, 2018-ci ildə büdcə müzakirəsindəki çıxışını nikbin notlarla bitirib: “Son olaraq mən bir daha gələn ilin dövlət büdcəsini yüksək qiymətləndirirəm və əminəm ki, büdcə layihəsində nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində Azərbaycan gələn il də özünün dinamik inkişafını davam etdirəcək. Mən büdcə layihəsinə səs verəcəyəm və həmkarlarımı da səs verməyə çağırıram”.
2019-cu ildə MM 28 iclas keçirib. S.Qafarova bu iclaslardan ancaq ikisində çıxış edib. Əvvəlki illərdə olduğu kimi, bu ildə də büdcə layihəsini tərifləyib, sonda da həmkarlarını səs verməyə çağırıb: “…gələn ilin dövlət büdcəsini yüksək qiymətləndirirəm, nəzərdə tutulan məsələlərin yerinə yetirilməsi nəticəsində ölkəmizin daha böyük uğurlar əldə edəcəyinə şübhə yoxdur. Mən büdcə layihəsinə səs verəcəyəm və həmkarlarımı da səs verməyə çağırıram”.
İkinci çıxışı isə 02 dekabr 2019-cu ildə, MM-in özünü buraxmaqla bağlı keçirdiyi iclasda olub.
Deputat YAP-ın təşəbbüsünü ikiəlli dəstəklədiyini deyib: “Yeni Azərbaycan Partiyası öz təşəbbüsü ilə siyasi bir mədəniyyət və davranış nümunəsi ortaya qoydu. Bununla da həm siyasi sistemimizdə, həm də parlamentin fəaliyyətində yeni bir ənənə meydana gəlir. Son olaraq onu da qeyd etmək istərdim ki, fəaliyyətində hər zaman yeniliklərə, müasirliyə açıq olan Yeni Azərbaycan Partiyası bu gün də daha bir ilkə imza atır və mən bunun Azərbaycan dövlətçiliyi və xalqımız üçün xeyirli, uğurlu olacağına əminliklə inanıram”.
Bu özünüburaxmanın dövlətçilik və xalq üçün hansı xeyri olduğunu demək çətindir, ancaq Sahibə Qafarova üçün xeyirli və uğurlu olduğuna xalqımız 2020-ci ildən şahiddir… Spiker ölkədəki sosial problemlərdən xəbərsiz olsa da…
P.S.Yazıda Milli Məclisin stenoqramlarından istifadə olunub. Çıxışlardan sitatlar deputatlar üçün həm də “yol xəritəsi” sayıla bilər; müzakirələrdə necə çıxış etməyin örnəyi kimi…