Azərbaycanın ən lüks gecə klubunun sahibi Prezidentin qohumlarıdır

Foto kollaj: Meydan TV

Məmurun övladlarının restoranlar şəbəkəsi, bahalı maşın kolleksiyası var

Azərbaycanın ən lüks və bahalı gecə klublarından biri Bakının mərkəzindəki “FOMO Club” sayılır. Bunu biz demirik, azərbaycanlı biznesmen, Azərbaycan xalq artisti, İlham Əliyevin keçmiş kürəkəni və ölkənin əyləncə sənayesinin parlaq siması sayılan Emin Ağalarov rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində deyib. Ağalarov bildirib ki, klubu onun ən yaxın dostu olan Ramin Hacıyev yay fəslinin əvvəlində açıb. O, belə bir keyfiyyətdə klubu hətta Avropada belə görmədiyini bildirir.

Klub ən yaxşı “D&B” səs sistemləri, çoxsaylı lazerlərlə işıqlandırma avadanlığı və sənətçilərin unikal instalyasiyaları təqdim edəcəyi 36 metrlik iki ekran da daxil olmaqla ən müasir texnologiya ilə təchiz olunub. Ən son texnologiya sayəsində immersiv təcrübə təqdim edən və canlı konseptual partiləri ilə müxtəlif rəqs üslublarını birləşdirən klub musiqisevərlərin yeni məkanı hesab olunur.

Bizsə araşdırdıq ki, həqiqətənmi gecə klubu Prezidentin qohumu olan Ramin Hacıyevə məxsusdur?

Gecə klubu haqqında nələr məlumdur?

Rəsmi saytlarında qeyd edildiyinə görə klub “PAŞA Holdinq”in hüquqi ünvanı ilə eyni ünvanda yerləşir, məşhur Port Baku, Neftçilər prospekti 153. Bu ünvanda ölkənin birinci ailəsinə məxsus olan holdinqlər, şirkətlər, biznes obyektlərinin hüquqi ünvanları yerləşir.

Ağalarovun bəhs etdiyi “FOMO Baku” gecə klubunun bundan əlavə həm “B4 – Restaurant” adlı restoranı və həm də “YOLO Bar” adlı barı mövcuddur.

B4 Restoranı – Xəzər dənizi sahilində yerləşən və 120 nəfər üçün nəzərdə tutulan panoramik restorandır. “YOLO Bar” isə gecə klubuna bitişik olan müasir dizaynlı bir bardır.

Mətbuatda “Fomo Baku” klubunun dünyanın 100 ən yaxşı klubu siyahısına daxil olduğu qeyd olunub.

Rəsmi sənədlər nə deyir?

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə “FOMO” Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin dekabr ayında, 100 manatlıq nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi isə Əhmədov Elfat Eldar oğludur. MMC-nin hüquqi ünvanı Elfat Əhmədovun rəsmi yaşayış ünvanı ilə eynidir.

Elfat Əhmədov həmçinin “BOA Agency” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının üzvüdür. Şirkətin əsas fəaliyyət istiqaməti bütün növ aktivlərin, passivlərin və eləcə də kredit borcların qaytarılması üzrə tam xidmət kompleksinin təşkilidir. ASC-nin digər Direktorlar Şurasının üzvləri və səhmdarları isə Ramin və Rüstəm Hacıyev qardaşlarıdır. (Mənbə: Şirkətin 2023-cü il hesabatı)

Hacıyev qardaşları kimdir?

Bakıda doğulmuş 37 yaşlı (24.09.1987 təvəllüdlü) Ramin Rauf oğlu Hacıyev və 35 yaşlı (04.12.1989) Rüstəm Rauf oğlu Hacıyev eks prezident Heydər Əliyevin bacısı Rəfiqə Əliyevanın nəvələridir. Meydan TV-nin araşdırmasına görə İlham Əliyevin bibisi nəvəsi olan Ramin Hacıyev dünyaca məşhur poker ustası, qardaşı Rüstəm Hacıyev isə peşəkar tennislə məşğul olur

Qardaşlar BOA – “Baku Collecting Agency” şirkətinin rəhbəridir. Azərbaycan tarixində ilk borc agentliyi sayılan şirkət 2012-ci ildə fəaliyyətə başlayıb, əsas müştəriləri banklar və satışı kreditlə aparan hüquqi və fiziki şəxslərdir. Bu ailə həmçinin ölkənin ən çox kredit verən bankı – “Unibank”ın şərikidir

Qətərin paytaxtı Doha şəhərindəki “Nakhchivan” restoranı və paytaxt Bakıdakı “Beerbaşa”, “Rose Bar Baku”, “Nakhchivan”, “Paul Azerbaijan”, “Köfteci Ramiz” və “Məhlə” restoranları da Hacıyevlərə aiddir. Qardaşlar həmçinin bahalı və lüks avtomobil kolleksiyasına sahibdirlər. Bakıdakı 10 fərqli məkanda mövcud olan “Paul” restoranlar şəbəkəsi “Groupone” MMC şirkətinin (VÖEN: 1701362111) tərkibində fəaliyyət göstərir.

Qardaşlar, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğullarıdır. Rauf Hacıyev 23 ildir nazirlikdə müxtəlif vəzifələrdə çalışıb, onun 13 ilini nazir müavini vəzifəsini daşıyır. Biologiya elmləri doktoru, professor Rauf Hacıyev İlham Əliyevin sərəncamları ilə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.

Azərbaycan qanunvericiliyinə görə…

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bildirir ki, dövlət qulluqçusunun maddi faydaları öz qohumuna yönəltməsi ilə bağlı göstərişlərin (əmrlərin) verilməsi və təsdiqlənməsi maraqların toqquşmasına səbəb olur.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilmişdir ki, dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Ana səhifəAraşdırmaAzərbaycanın ən lüks gecə klubunun sahibi Prezidentin qohumlarıdır