Həmməruzəçi Azərbaycan hakimiyyətini həbsdə olan digər fəalları da azad etməyə çağırıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoffersen vətəndaş cəmiyyəti fəalları Anar Məmmədli və Qubad İbadoğlunun sağlamlıq vəziyyətinin pisləşməsi ilə bağlı ciddi narahatlığını bildirib.
Liz Kristoffersen bəyanatında 2024-cü il aprelin 30-dan həbsdə saxlanılan Anar Məmmədlinin sağlamlığından narahat olduğunu deyib:
“Anar Məmmədlinin səhhəti təcridxanaya salındıqdan sonra ciddi şəkildə pisləşib və indi onun təcili olaraq müvafiq tibbi müayinədən keçməsinə ehtiyacı var. Lakin müayinəsi ilə əlaqədar müraciətlərinə imtina verilib. Hüquq müdafiəçisinin səhhəti ilə əlaqədar problemləri həll olunmasa, fiziki və psixi sağlamlığına geri dönüşsüz mənfi təsir göstərəcək. Ona görə də mən dövlət orqanlarını Anar Məmmədlinin dərhal və keyfiyyətli tibbi müayinədən keçirilməsini və sonradan ona müvafiq müalicənin göstərilməsini təmin etməyə çağırıram”.
Liz Kristoffersen bildirib ki, bu il aprelin 30-da Anar Məmmədlinin azadlığa buraxılması ilə əlaqədar bəyanat yayıb.
“Bəyanatda hakimiyyəti gecikmədən onun işinə yenidən baxmağa çağırdım. O vaxtdan bəri onun həbs müddəti uzadılıb və günahı sübuta yetirilərsə, o, səkkiz ilə qədər həbs cəzası riski daşıyır”, – həmməruzəçi qeyd edib.
Qubad İbadoğlunun hazırda ev dustaqlığında saxlanılmasına diqqət çəkən Liz Kristoffersen iqtisadçının səhhətində ciddi problemlərin olduğunu deyib:
“Qubad İbadoğlu indi ev dustaqlığında qalır, səyahətə qadağa qoyulub və günahkar bilinərsə, 17 ilə qədər həbs cəzası ala bilər. O, həbsdə olduğu müddətdə ağırlaşan və hazırda təcili ürək əməliyyatına ehtiyacı olan ağır kardioloji xəstəlikdən əziyyət çəkir. Mən dövlət orqanlarını Qubad İbadoğlunun müvafiq müalicəsi üçün xaricə getməsinə və ya ona bu cür müalicəni təmin etmək üçün xarici həkimlərin ölkəyə daxil olmasına icazə verməyə çağırıram”.
Həmməruzəçi bəyanatının sonunda Azərbaycan hakimiyyətini peşə fəaliyyətinə görə həbsdə olan digər hüquq müdafiəçilərini, jurnalistləri, vətəndaş cəmiyyətinin nümayəndələrini və siyasi fəalları azad etməyə çağırıb.
Qubad İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilib.
O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.
Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Qubad İbadoğlu ittihamları saxta adlandırıb.
2024-cü il aprelin 22-də onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Qubad İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib.
Ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.
Anar Məmmədli 2024-cü il aprelin 29-da Bakıda saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib. Sonradan həbs müddəti uzadılıb.
Hüquq müdafiəçisi qaçaqmalçılıq ittihamını qəbul etmir.
O bildirib ki, seçkilərin monitorinqi, insan hüquqlarının müdafiəsilə bağlı fəaliyyətinə görə cəzalandırılıb.
Anar Məmmədli bundan əvvəl də 2014-cü ildə QHT-lərlə bağlı cinayət işi üzrə həbs olunub.
O, 2 il 4 ay həbsdə saxlandıqdan sonra – 2016-cı il martın 17-də Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Anar Məmmədli həbsdə olduğu dövrdə Vatslav Havel mükafatına layiq görülüb.
Son 7 ayda ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub.
Onların arasında korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), “Toplum TV” internet kanalının təsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, “meclis.info” saytının rəhbəri İmran Əliyev, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və digərləri var.
Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.
2024-cü il noyabrın 6-da “Human Rights Watch” da daxil olmaqla 17 beynəlxalq insan haqları təşkilatı COP29-da iştirak edəcək Avropa İttifaqı liderlərinə çağırış ediblər.
Təşkilatların yaydığı birgə bəyanatda qeyd olunur ki, Avropa İttifaqı liderləri siyasi motivlərlə həbs edilənlərin məsələsini birbaşa Azərbaycan hakimiyyəti ilə müzakirəyə çıxarmalı və onların azadlığa buraxılmasını təmin etməlidir.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə Azərbaycanda siyasi məhbusların olmadığını deyib.
O bildirib ki, həbs olunanlar jurnalist fəaliyyətinə görə təqib olunmayıblar.