Azərbaycan Zəfər Gününü qeyd edir


Yeni Zəfər parkının açılışı olub

Noyabrın 8-də İkinci Qarabağ müharibəsindən 4 il keçir. Bu gün ölkədə Zəfər Günü kimi qeyd edilir. Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib. Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib. Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib. Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib. Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə əlaqədar danışıqlar davam edir.

2021-ci ilin aprelində Bakıda salınmış “Hərbi Qənimətlər Prakı”nın açılışı olub. Prezident İlham Əliyev açılışda bildirib ki, parkda 125 artilleriya topu, 366 tank, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını var. Həmçinin “İsgəndər M” raketlərinin qalıqları da var.

Parkda İkinci Qarabağ müharibəsindən qalma, həlak olmuş erməni əsgərlərinə məxsus dəbilqə və çəkmələrin, eləcə də hərbçilərinin manekenlərinin nümayişi Azərbaycan və beynəlxalq təşkilatların narazılığına səbəb olub. Ermənistan Xarici İşlər Nazirliyi (XİN) bu addımı “müharibədə həlak olan, itkin və əsir düşənlərin xatirəsinin təhqir edilməsi, onların və ailələrinin hüququ və ləyaqətlərinin tapdalanması” kimi qiymətləndirib. Azərbaycan XİN isə cavab bəyanatında bildirib ki, “qələbənin Paradlar, parklar, muzeylər və digər vasitələrlə əbədi yaşadılması bizim mənəvi haqqımızdır.

Parkda müharibə iştirakçısı olan erməni hərbçilərinin manekenlərinin sərgilənməsinə gəldikdə isə, dünyanın bir çox ölkələrində hərbi muzeylərdə manikenlərin sərgilənməsi təcrübəsi mövcuddur”, – deyib. Avropa Şurasının İnsan Haqları Komissarı Dunya Miyatoviç də Prezidenti İlham Əliyevə məktub ünvanlayaraq, “Hərbi Qənimətlər Parkı”ndakı təsvirləri aşırı narahatedici və alçaldıcı hesab etdiyini bildirib. Miyatoviç Əliyevi düşmənçilik və nifrəti alovlandıracaq ritorika və hərəkətlərə qarşı qəti mövqe sərgiləməyə, əvəzində münaqişənin zərbə vurduğu xalqlar arasında sülhün və barışığın təbliğinə yönəlik cəhdlərə tam siyasi dəstək verməyə çağırıb. Ermənistan “Hərbi Qənimətlər Parkı”nın bağlanılması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etsə də, vəsatəti rədd edilib.

Bir müddət sonra isə Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsində bəyan edib ki, Ermənistan Silahlı Qüvvələri hərbçilərini əks etdirən maketlər və müharibədə ələ keçirilən dəbilqələr parkdan yığışdırılıb.

Bundan sonra ərazidə Zəfər parkı salınıb. Bu gün münasibətilə həmin parkın açılışı olub. İlham Əliyev açılışda iştirak edib.

Ana səhifəXəbərlərAzərbaycan Zəfər Gününü qeyd edir