Paşinyan: “Ermənistan xalqının bu fikri bölüşmədiyini düşünsəm, belə bəyanat verməzdim”
Ermənistanın Avropa İttifaqına daxil olması üçün referendum keçirilməsi təşəbbüsünü irəli sürən qrup Mərkəzi Seçki Komissiyasına vaxtından əvvəl 59 742 imza təqdim edib, “Jamnews” xəbər verir.
Əslində imzaların sayı cəmi 50 min olmalı idi. Qrup siyahıda etibarsız imzaların aşkar ediləcəyi halda, problem yaşanmaması üçün daha 10 minə yaxın imza toplanana qədər gözləyib.
İmzaların toplanmasına sentyabrın 16-dan başlanılıb. Elektron versiyada isə imzatoplama noyabrın 14-dək, Konstitusiyada nəzərdə tutulan iki aylıq müddətin sonuna qədər davam edəcək. Təşəbbüs qərbyönlü siyasi qüvvələrin yaratdığı “Demokratik Qüvvələrin Platforması”na aiddir.
Mərkəzi Seçki Komissiyası təqdim olunan imzaların etibarlılığını təsdiqləsə, referendumun keçirilməsi məsələsi parlamentdə müzakirə olunacaq.
Deputatlar bu qanun layihəsini təsdiqləsələr, referendum baş tutacaq. Rədd etdikləri halda isə referendum parlamentdə müzakirə olunmadan da keçirilə bilər. Amma bu zaman təşəbbüskarlar beş dəfə çox, yəni 300 min imza toplamalı olacaqlar. Üstəlik, ikinci mərhələdə artıq təşəbbüsü dəstəkləyən 60 minə yaxın insan səsverməyə qatıla bilməyəcək.
MSK tələb olunan 50 min imzanın etibarlılığını təsdiq edəndən sonra müvafiq qərar dərc olunacaq. Bundan sonra təşəbbüs qrupu qanun layihəsini parlamentə təqdim edə biləcək.
Təşəbbüs qrupunun üzvü Artak Zeynalyan bildirib ki, Mərkəzi Seçki Komissiyasına təqdim olunan 60 minə yaxın imza faktiki olaraq 60 bələdiyyədə toplanıb.
Onun sözlərinə görə, ən fəal paytaxt və iki böyük şəhərin – Gümrü və Vanadzorun sakinləri olub.
Ermənistanın Baş naziri də referendumun keçirilməsi təşəbbüsünə münasibət bildirib. Nikol Paşinyan xatırladıb ki, özü də Avropa Parlamentində Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmağa hazır olduğunu bildirib.
“Ermənistan xalqının bu fikri bölüşmədiyini düşünsəm, belə bəyanat verməzdim. Referendumun keçirilməsi ilə bağlı əsas problem odur ki, Aİ-nin bizi qəbul etməyə hazır olub-olmaması sualına cavabım yoxdur. Referendum keçirsək, təbliğat aparmalıyıq. Bu halda insanlar bizə sual verəcəklər: “Aİ bunu necə, nə vaxt istəyir və ümumiyyətlə istəyirmi?” İnsanlar Aİ-nin bizi qəbul etməyə hazır olub-olmadığını soruşacaqlar. Mənim bu suala cavabım yoxdur”, – deyə Baş nazir bildirib.