Qreta Tunberq: “Azərbaycan əhalisi tələdədir”

Qreta Tunberq. Foto-kollaj: Meydan TV

Eko-fəal rejimi legitimləşdirməmək üçün COP29-a qatılmadığını deyir

İsveçli eko-fəal Qreta Tunberqin COP29 iqlim sammitindən heç bir gözləntisi yoxdur.

Gürcüstanda səfərdə olan təbiəti mühafizə sahəsində fəal “Blankspot”a müsahibəsində deyib:

“Azərbaycan əhalisi ölkə daxilində tələdədir. Onlar yalnız hava limanı vasitəsilə ölkədən çıxıb-girə bilirlər. Ora gedə bilsəydim belə, getməzdim. Rejimi legitimləşdirmək istəmirəm“.

Təyyarə ilə səyahət etməmək Qreta Tunberqin prinsiplərindən biridir. Məqalədə qeyd olunur ki, bu da onu qapalı diktaturaya daxil olmaqdan məhrum edir. Qreta Azərbaycan daxilində olmayan azərbaycanlı aktivistlərlə, eləcə də gürcü və erməni aktivistlərlə görüşəcəyini deyib:

“Azərbaycan dövləti, azərbaycanlı mülki əhalini basdıran, eyni zamanda ermənilərə qarşı müharibə aparan bir rejimdir”.

Yazıda vurğulanır ki, bu yaz, Azərbaycan Xarici İşlər Nazirliyi Qreta Tunberqi dəstəkləmək üçün bəyanat yayıb. O, bir aksiyadan sonra holland polis tərəfindən aparılmışdı və Azərbaycan, COP29 zamanı iqlim aktivistlərinin azad şəkildə etiraz etmələrinin əhəmiyyətini vurğulamişdi.

“Avtoritar rejimin öz cinayətlərinə – insanlıq əleyhinə cinayətlərə, müharibə əsirlərinə, dissidentlərin girov götürülməsinə haqq qazandırmaq üçün məndən bəhanə kimi istifadə etməsi və mənimlə həmrəy olduğunu bəyan etməsi absurddur”,- Qreta Tunberq deyib.

O, COP29-dan gözləntilərinin olmamasını belə əsaslandırıb:

“Buradan ortaya çıxacaq yeganə şey kağız üzərində yaxşı görünən simvolik qərarlardır. Biz bu ruhda davam edə bilmərik. Əsas insan hüquqlarına hörmət etməyən avtoritar dövlətlərə legitimlik verən konfrans olduğunu deyə bilmərik. Hər gün adamların repressiyalar və hüquq pozuntuları ilə üzləşdiyi ölkələrdə iqlim haqqında danışa bilmərik”.

“Mən COP görüşlərini indiki şəkildə legitimləşdirə bilməyəcəyimizi vurğulamaq üçün buradayam. Son üç ildə görüşlər avtoritar rejimlərdə keçirilib və onların belə yerlərdə keçirilməsi heç nəyə gətirib çıxarmır”, – eko-fəal vurğulayıb.

Ana səhifəXəbərlərQreta Tunberq: “Azərbaycan əhalisi tələdədir”