Ağadadaş Ağayevin həbsi tələb olunur

Ağadadaş Ağayev. Foto: Ağadadaş Ağayevin şəxsi arxivindən

Məhkəmədə vəsatət qaldırıldı

Xalq artisti, müğənni Ağadadaş Ağayev haqqında cinayət işi üzrə məhkəmə araşdırması başlayıb. Onun işinə Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyilə baxılır.

Oktyabrın 31-də məhkəmənin hazırlıq iclası keçirilib. Məlum olub ki, təqsirləndirilən şəxs qismində cəlb olunmuş müğənni məhkəməyə gəlməyib. O, məhkəməyə teleqram göndərib.

Hakim elan edib ki, Ağadadaş Ağayev teleqramda səhhətində problemlər olduğunu, bu səbəbdən prosesdə iştirak edə bilmədiyini göstərib.

Xalq artistinin işi üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb – Nurəddin Cəlilov və Nəzakət Paşayeva.

Nurəddin Cəlilov “Medera Hospital”ın gözətçisi, Nəzakət Paşayeva da klinikanın işçisidir.

Müğənni onlara balta ataraq, xəsarət yetirməklə, təhqir etməklə, xuliqanlıq etməkdə ittiham olunur.

Zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Gülşən Salmanova təqsirləndirilən Ağadadaş Ağayevin məhkəməyə gəlməməsinə etiraz edib. Vəkil deyib ki, müğənni teleqramda ümumi şəkildə səhhətində problemlər olduğunu göstərsə də, konkret əsaslandırma yoxdur. Yəni onun hansı xəstəlikdən əziyyət çəkdiyi, bunu təsdiqləyən sübutlar məlum deyil.

Vəkil Ağadadaş Ağayevin bu addımını məhkəmədən yayınmaq kimi qiymətləndirib. Bu səbəbdən də onun barəsində qətimkan tədbirinin dəyişdirilməsi və həbs olunması barədə vəsatət qaldırıb.

Zərərçəkmişlər də vəkilin vəsatətini müdafiə ediblər.

Lakin hakim Vüsal Tağıyev təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin dəyişdirilərək, onun həbs olunması barədə vəsatəti təmin etməyib.

Məhkəmə prosesi noyabrın 14-nə qədər təxirə salınıb.

Ağadadaş Ağayevə qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur. Bu maddənin sanksiyasında 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Nurəddin Cəlilov iddia edir ki, iyulun 22-də səhər saat 7 radələrində gözətçi işlədiyi klinikaya müraciət edən Ağadadaş Ağayev onu söyüb, balta ilə hədələyib. Onun sözlərinə görə, müğənni baltanı ona tərəf atanda orada çalışan Nəzakət Paşayevanın ayağına dəyib.

68 yaşlı müğənni isə əksinə, gözətçinin onu təhqir etdiyini, yerə yıxıb döydüyünü bildirir.

Cinayət işinin materiallarına klinikanın müşahidə kameralarının qeydə aldığı videogörüntülər də əlavə olunub. Həmin görüntülər hadisədən sonra sosial şəbəkələrdə də yayılmışdı.

Ana səhifəMədəniyyətAğadadaş Ağayevin həbsi tələb olunur