Daha bir ictimai fəala 7 il 6 ay həbs cəzası tələb olundu

Foto: Zəka Mirağayevin şəxsi arxivindən

Prokuror ittihamın məhkəmədə sübuta yetirildiyini deyir, fəal həbsini nazirə müraciəti ilə əsaslandırır

Bir ildən çoxdur həbsdə olan ictimai fəal Zəka Mirağayevin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində gedən proses yekunlaşır.

Oktyabrın 28-də hakim Kamran Muxtarovun sədrliyilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb. Prokuror çıxış edərək, Zəka Mirağayevə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama – satış məqsədilə törədildikdə) maddəsilə irəli sürülmüş ittihamın məhkəmə istintaqı zamanı sübuta yetirildiyini bildirib. Dövlət ittihamçısı ona bu maddə ilə 7 il 6 ay həbs cəzası verilməsini istəyib.

Daha sonra Zəka Mirağayevin vəkili Elçin Sadıqov çıxış edib. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı ittiham əsassızdır və ittiham tərəfi ortaya heç bir mötəbər sübut-dəlil qoya bilməyib. Vəkilin sözlərinə görə, müvəkkili ittihamı qəbul etmir, polislərin fəaliyyətilə bağlı tənqidi yazılarına görə şərlənərək həbs olunduğunu bildirir. İttiham tərəfinin isə polislərin ifadəsindən başqa heç bir sübutu yoxdur. Polislər isə maraqlı tərəfdir.

Elçin Sadıqov müvəkkilinin təqsirsiz olduğunu vurğulayıb və ona bəraət verilməsini istəyib.

Zəka Mirağayev özü son sözə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Ona noyabrın 4-nə qədər vaxt verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi
Foto: Meydan TV

Zəka Mirağayev məhkəmədə ifadə verərkən bildirib ki, cibinə narkotiki bölmədə Nəcəf adlı polis əməkdaşı atıb. Səbəb isə onun sosial şəbəkələrdə polislər, həmçinin şəxsən daxili işlər naziri Vilayət Eyvazovun haqqında yazdıqlarıdır:

“Məni gəlib evdən aparıblar. Amma işin içində yalan yazıblar ki, guya məni küçədə tutublar. Cibimə 9-cu bölmədə şəxsən Nəcəf özü qoyub narkotiki. Orada məni təhdid elədilər, video çəkdirdilər ki, guya məndən çıxıb narkotik. 9-cu bölmədən Səbail Rayon Polis İdarəsinə apardılar. Orada iki gün müvəqqəti saxlama yerində qaldım. Oktyabrın 13-də gəldilər ki, bura qol çək, buraxılacaqsan. Mən də inandım. Gələnlərdən biri məndən soruşdu ki, “sən neyləmisən cənab nazirə?” Mən yazmışdım ki, nazirliyi kafe kimi işlədirlər, hamını yükləyirlər. Adi narkomanları 1 qramla tutub, külli miqdarla yükləyirlər”.

Daxili İşlər Nazirliyi Zəka Mirağayevin həbsindən sonra onun polislərlə bağlı yazılarına, o cümlədən nazirə açıq məktubuna görə şərlənərək cəzalandırılması barədə yaxınlarının dediklərini təkzib etmişdi. Nazirliyin mətbuat xidmətindən bildirilmişdi ki, bu barədə iddialar əsassızdır, onun yaxınlarının şəxsi mülahizələridir:

Foto: DİN

“Zəka Mirağayev barəsində araşdırma aparılır. O, araşdırma çərçivəsində saxlanılıb”.

Zəka Mirağayev oktyabrın 1-də “Facebook” hesabında bunları yazmışdı:

“Cənab polislər, cənab rəislər, cənab generallar məni zənglərlə narahat etməyin. Onsuz da prosedur üzrə işləmirsiniz. Öz bildiyiniz kimi nə istəyirsiniz edin. Prosedur ünvana məktub göndərməkdir. Necə ki, bir vaxt Qəbələnin rəis müavini olmuş Azər deyirdi ki, məktub atanın cibindən çıxacaq. Bu kimi möcüzələrə artıq cəmiyyət alışıb…”.

Hazırda onlarla ictimai-siyasi və dini inanclı fəal narkotik ittihamı ilə həbsdədir. Onlar bu ittihamı qəbul etmir, ictimai-siyasi fəaliyyətlərinə, sosial şəbəkələrdəki tənqidlərinə görə sifarişlə narkotiklə şərlənib həbs olunduqlarını deyirlər.

Hökumət rəsmiləri isə Azərbaycanda heç kimin siyasi baxışlarına görə təqib olunmadığını iddia edir. Daxili İşlər Nazirliyi də də bu şəxslərin konkret faktlar əsasında saxlandığını bəyan edib.

Ana səhifəSiyasətDaha bir ictimai fəala 7 il 6 ay həbs cəzası tələb olundu