“Gürcü arzusu”, yoxsa gürcülərin arzusu…

“Gürcü arzusu”. Foto: Reuters

Rövşən Hacıbəyli

Bu arzulardan biri Rusiya və Azərbaycanın arzuları ilə üst-üstə düşmür

Çox qəribəyik, öz ölkəmizdə baş verənlərə biganə qalıb başqalarının dərdini çəkirik, həm də işlərinə qarışırıq. Məsləhət veririk, yol göstəririk. Heç uzaq deyil, içində olduğumuz bu il iki seçki (seçki imitasiyası da demək olar) yola vermişik. Daha doğrusu, bizim əvəzimizdən görüblər bu işi. Biz də durub baxmışıq, səsimizi çıxarmamışıq, ən yaxşı halda “nəyimə lazımdır” deyib keçmişik. Nə paytaxtda, nə bölgələrdə, nə də yaşadığımız ərazidə bu seçkilərin təbliğatını, demək olar, görməmişik. Ora-bura plakat, şəkil yapışdırmaq təbliğat sayılmaz.

Təbliğat namizədin qapı-qapı gəzib, seçicilərlə görüşüb niyə mandatı məhz o almalı olduğunu çatdırması, səsini aldığı adamın hüquqlarını, maraqlarını müdafiə etməsidir. Ancaq burada məntiq də var, nəticəsi qabaqcadan bəlli olan işin təbliğata ehtiyacı yoxdur (Bir gül ilə bahar olmaz deyib Neftçala dairəsində baş verənləri kənara qoyaq).

Rövşən Hacıbəyli
Mənbə: Meydan TV

Rəqabətsiz prezident seçkisi, təyin olunmuş deputatları bəlli olan parlament seçkisi. Hər ikisi ölkənin həyatında heç bir önəm daşımayan, ancaq büdcədən böyük pulların xərcləndiyi çox mənasız proses idi. Yox, o iki əməliyyatdan qazananlar üçün, əlbəttə, bu prosesi mənasız saymaq olmaz. Mənasız sözü xalqın bu proseslərdən heç nə qazanmadığı anlamında işlənib. Telekanallarımız da bu dəfə özünü ağıryana apardı, efiri seçki təbliğatına qurban vermədi.

Deputatlığa namizədlər də qabaqkı seçkilərdən nəticə çıxarmışdılar: onlar da pullarını gərək olan yerə xərclədilər. Biz də həmişəki kimi seyrçi mövqe tutduq, seçənin, seçilənin işinə qarışmadıq. İndi başqalarının işinə qarışmağı sanki borc sayırıq…

Mustəqilliyi birgə qazansaq da, qonşu Gürcüstan bizdən xeyli qabaqdadır, hər sahədə. Sadalamağa gərək yoxdur. Turist kimi ən çox getdiyimiz ölkədir, həm də təkcə bizim yox.

Başbilənlərimiz də yatırımı bu ölkəyə qoyur. İndi bu qonşuluqda seçki keçirilib, demokratik mühit var, istədiyi vaxt meydanlara çıxan, sözünü deyən, etirazını bildirə bilən müxalifət var.

Xalq da, müxalifət də hakimiyyətdən narazıdır. Seçki yoluyla hakimiyyətə gəlmək istəyən qüvvələr seçkidən qabaq da, sonra da küçələrə çıxırlar, etiraz edirlər. Bizimkilər neyləyir?

Xalqı da, müxalifəti də Gürcüstanda hakimiyyətin ətrafında birləşməyə, seçkidə onların namizədinə səs verməyə çağırır. Gündən-günə artan politoloqlar, siyasi şərhçilər, siyasi analitiklərin bu günlər əsas mövzusu Gürcüstandır. Şou əhli də onlardan geri qalmır.

Bunlardan biri bütün gürcüstanlıların onu sevdiyini deyən Xoşqədəm Hidayətqızıdır. O, televiziya ekranından seçki öncəsi gürcüstanlı azərbaycanlılara (gürcücə bilsəydi, şübhə etmirəm, gürcülərə də səslənərdi) çağırış edib: “…Stabilliyə, sakitliyə, müharibəsiz Gürcüstana səs verin… Ukraynanı da gözünüzün önünə gətirin… Yalançı vədlərə aldanmayın…”.

Deyəsən, adam axtarışları nəticə vermir, keçib stabillik, sabitlik, sakitlik axtarışına – avtokratik, insan hüquqları addımbaşı pozulan ölkənin vətəndaşı…

Hələ hakimiyyətdəkilərin hansı resurslardan yararlanıb nələr etdiyini dəqiq bilmirik. Bilinən odur ki, onlar da İvanişvili və komandası üçün çalışıblar. Seçkinin səhəri günü, səsvermədə baş verən saxtakarlıqlara görə gürcü xalqı meydanda etiraz səsini ucaltdığı vaxt Azərbaycan Prezidenti İlham Əliyev tez-tələsik Baş nazir İrakli Kobaxidzeni təbrik etdi: “Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri və ölkənizin aparıcı siyasi qüvvəsi olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qələbəsi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi dəyərlərə öz dəstəyini ifadə etdilər. İnanıram ki, seçkilərin nəticələri Gürcüstanın hərtərəfli inkişafına və çiçəklənməsinə xidmət edəcəkdir…”.

Heç İrakli 1 sentyabr seçkisindən sonra bizi təbrik etmədi. Seçkinin səhəri günü bizi ancaq dost və kardeş Rəcəb Tayyib Ərdoğan təbrik etmişdi; “YAP-ın inamlı qələbəsi” münasibətilə…

Deputatlığa namizədlər də qabaqkı seçkilərdən nəticə çıxarmışdılar: onlar da pullarını gərək olan yerə xərclədilər. Biz də həmişəki kimi seyrçi mövqe tutduq, seçənin, seçilənin işinə qarışmadıq. İndi başqalarının işinə qarışmağı sanki borc sayırıq…

Bu seçkinin çox maraqlı tərəflərindən biri yapçı deputatların ora müşahidəçi kimi göndərilməsidir. Yeri gəlmişkən, o deputatlardan birinin adı Arzudur. Cibində saxta mandat gəzdirənlər Gürcüstandakı seçkiyə ənənəvi qiymət veriblər: “…Baş çəkdiyimiz seçki məntəqələrində yüksək seçici fəallığı gördük və həmin məntəqələrdə olduğumuz müddətdə hər hansı ciddi qanun pozuntusu ilə rastlaşmadıq”.

“Əvvəl evin içi, sonra çolü” deyib atalarımız. Biz çöldən başlamışıq, baş gicəlləndirən gürcü çaxırından sonra evə gəlib çıxmaq çətin olacaq, tərs kimi quru sərhədlərimiz hələ də bağlıdır; Gürcüstandan fərqli olaraq…

P.S.Bu arada İlham Əliyev daha bir təbriki Özbəkistana yollayıb: “Qardaş Özbəkistanın tarixində ilk dəfə olaraq qarışıq seçki sistemi üzrə keçirilmiş bu səsvermə ölkənizin demokratik dövlət quruculuğu prinsiplərinə sadiqliyini bir daha bariz şəkildə nümayiş etdirdi…”

Ana səhifəMənim Fikrimcə“Gürcü arzusu”, yoxsa gürcülərin arzusu…