Ankarada silahlı hücum: ölən və yaralananların olduğu bildirilir (Yenilənir)

Türkiyə Daxili İşlər Nazirliyi TUSAŞ-dakı hadisədə 3 nəfərin həlak olduğunu, 14 nəfərin isə yaralandığını açıqlayıb.

Bildirilib ki, iki silahlı şəxs öldürülüb.

***


Mediaya yayım qadağası qoyuldu

Türkiyənin Radio və Televiziya Ali Şurasının (RTÜK) rəhbəri Əbubəkir Şahin TUSAŞ-ın qarşısında baş verən hadisə ilə bağlı informasiyalara məhkəmə qərarı ilə yayım qadağası qoyulduğunu açıqlayıb.

Bu barədə Əbubəkir Şahin “X” platformasında yazıb.

O, mediaya çağırış edərək bildirib ki, yalnız rəsmi açıqlamalara istinad edilməlidir.

Onun sözlərinə görə, bu qərar sosial mediada hadisə ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılması təsbit olunandan sonra verilib.

Türkiyə mediası yazır ki, TUSAŞ-ın içərsində girov götürülən insanların olduğu ehtimal edilir.

Hadisəni törədən üç silahlı şəxsdən ikisinin artıq zərərsizləşdirildiyi də bildirilir.

***

CNN Türk yazır ki, hazırda TUSAŞ-ın qarşısında atışma gedir.

Hadisə nəticəsində iki nəfərin həlak olduğu bildirilir.

Media yazır ki, əraziyə təhlükəsizlik qüvvələri, təcili yardım və yanğından mühafizə qrupları cəlb edilib.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunc bildirib ki, “terror aktı” ilə bağlı Ankara Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

Onun sözlərinə görə, Baş prokurorun 1 müavini və 8 prokuror prosesə cəlb edilib.

***

Əli Yerlikaya hadisəni “terror” adlandırıb

Ankaranın Kahramankazan rayonunda terror hadisəsinin olduğu bildirilir.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan şirkətin (TUSAŞ) binası yaxınlığında partlayış, eyni zamanda silahlı hücum baş verib.

Hadisə yerinə təcili tibbi yardım qrupu göndərilib.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya isə TUSAŞ-ın qarşısındakı hadisəni “terror hücumu” adlandırıb.

Onun sözlərinə görə, partlayış nəticəsində ölən və yaralananlar var: “Təəssüf ki, şəhidlərimiz və yaralılarımız var”.

Daxili işlər naziri baş verən hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumatın veriləcəyini deyib.

O, rəsmi mənbələrə və bəyanatlara istinad etməyi tövsiyə edib. Amma nazir hadisə zamanı ölən və yaralananların sayını açıqlamayıb.


Ana səhifəXəbərlərAnkarada silahlı hücum: ölən və yaralananların olduğu bildirilir (Yenilənir)