Binəqədi sakinlərinin problemdən çıxış yolu: “Allaha yalvarırıq ki, yağış yağmasın”

Binəqədi yağışdan sonra, foto: Meydan TV

Paytaxtın ən böyük rayonlarından birində kanalizasiya xətti yox vəziyyətindədir

Bakıya son iki gündə yağan leysan yağışlar paytaxtın bir çox rayonunda fəlakətə səbəb oldu, küçələr, fərdi yaşayış evləri, həyatyani sahələr su ilə doldu. Binəqədi sakinləri deyirlər ki, onlar bu fəlakəti hər yağış yağanda yaşayırlar. Vəziyyət o həddə çatıb ki, iki-üç dəqiqədən artıq davam edən yağış da küçələrin su ilə dolmasına bəs edir.

Binəqədi qəsəbə sakini Nuriyyə Axundova Meydan TV-yə deyib ki, İkinci Mədən ərazisində ev alarkən satıcı onları yaxın bir il ərzində əraziyə kanalizasiya xəttinin çəkiləcəyinə inandırıb. Amma illər keçsə də, kanalizasiya xətti çəkilməyib. Yağan yağış həyətlərdə qazılan quyunu doldurur, çirkab həyətlər, küçələrə axır.

Binəqədi yağışdan sonra, foto: Meydan TV

“Binəqədinin az ərazisi tapılar ki, orada kanalizasiya xətti olsun və ya yağış yağanda küçələrə dolmasın. Binəqədi paytaxtda əhalinin ən çox nizamsız məskunlaşdığı ərazilərdən biri, bəlkə də birincisidir”,-Axundova deyib.

O söyləyib ki, əhalinin maddi imkanı köhnə neft buruqlarının ətrafında, sənədsiz torpaqlarda, kanalizasiyanın olmadığı məhəllələrdə ev tikməyə, yaxud almağa yetib. İki gündür yağan yağış həmişə olduğu kimi Binəqədinin əksər ərazisini gölə çevirib.

Binəqədi sakinləri bildiriblər ki, artıq problemləri ilə barışıblar, çünki kanalizasiya xəttinin çəkiləcəyinə, yolların təmir ediləcəyinə inamları qalmayıb. Əvvəl qonşular ərizə yazaraq sənədi kollektiv imzalayıb aidiyyatı qurumlara göndərirdilərsə, indi videolar çəkib sosial şəbəkələrdə paylaşmaqla səslərini çatdırmağa çalışırlar.

Sakinlər onu da deyiblər ki, evlərin əksəriyyətinə su dolub.

“İcra hakimiyyəti deyir ki, evlər qanunsuz tikilib. Hamı bilir ki, qanunsuz daşı-daş üstünə qoymaq olmaz. Bələdiyyə torpaq satıb, “makler”lər tikib, hazır vəziyyətdə satıblar.

Kanalizasiya xəttini icra hakimiyyəti çəkmir, nə də onlar təmir eləmirlər. FHN də yalnız təxliyə ilə məşğul olur. Keçmiş “Azərsu” da mərhələ ilə xətlərin çəkiləcəyini deyir. Biz isə Allaha yalvarırıq ki, yağış yağmasın”,-sakin deyib.

Binəqədi yağışdan sonra, foto: Meydan TV

Şikayətçilər onu da qeyd ediblər ki, hələlik evlərindən suyu özləri çəkirlər. Heç bir qurumdan qapını döyüb dəymiş zərərlə maraqlanmayıblar. İcra hakimiyyətinin telefon nömrələri də gün ərzində məşğul göstərib. Sıradan çıxan məişət avadanlıqları üçün kompensasiya ödənilib-ödənilmədiyini bilmirlər. Sakinlər deyiblər ki, bir çoxu bələdiyyəyə vergi ödəyir, amma evlərini sığorta etdirən demək olar ki, yoxdur. Çünki sənədsiz evləri sığorta da etmirlər. Baxmayaraq ki, kommunal ödənişləri edirlər.

Binəqədi Rayon icra Hakimiyyətindən deyiblər ki, rəsmilərin hamısı yerlərdədir, ərazilərdə iş gedir. Dəymiş zərərlə bağlı sual isə cavablandırılmayıb. Bildirilib ki, bütün şəhər zərər çəkib, hazırda fəsadların aradan qaldırılması ilə məşğuldular.

Ana səhifəXəbərlərBinəqədi sakinlərinin problemdən çıxış yolu: “Allaha yalvarırıq ki, yağış yağmasın”