İşdən çıxarılan müəllim məhkəməyə verilib

Foto: Leyla Nəcəfquliyevanın şəxsi arxivindən

Təhsil sektorunun müdiri təhqir və böhtanla ona qarşı iddia qaldırıb

İmişli rayon Yusif Sadatxanov adına Aranlı kənd orta məktəbinin müəllimi, məktəbdə ayaqyolunun olmamasına etiraz etməklə bir müddət əvvəl gündəmdə olan Leyla Nəcəfquliyevanın işdən çıxarılması bir yana, üstəlik, ona qarşı məhkəmə iddiaları qaldırılıb.

Hətta İmişli rayon təhsil sektorunun müdiri Kərim Kərimov onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Kərim Kərimovun xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə Yasamal Rayon Məhkəməsində hazırlıq iclası keçirilib.

O, iddiasında Leyla Nəcəfquliyevanın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edir.

Sektor müdiri iddia edir ki, Leyla Nəcəfquliyeva yaydığı videoda ona böhtan atıb, onu təhqir edib.

Yasamal Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında Leyla Nəcəfquliyevanın vəkili Rövşanə Rəhimli iddiaya etiraz edib.

Vəkil onun əsassız olduğunu vurğulayaraq, icraata götürülməməsini istəyib.

Qarşı tərəf isə əksinə, şikayətinə baxılmasını və Leyla Nəcəfquliyevanın cəzalandırılmasını tələb edib.

Sonda hakim Mirsadiq Seyidov iddianın icraata götürülməməsinə qərar verib.

Bu barədə qərardad çıxarılıb.

Leyla Nəcəfquliyevaya qarşı daha bir iddia isə mülki qaydada qaldırılıb.

Bu dəfə şikayətçi Mil-Muğan regional Təhsil İdarəsinin mühasibi Rahim Hüseynovdur.

O, şərəf və ləyaqətinin aşağılandığını, işgüzar nüfuzuna zərbə dəydiyini iddia edir və buna görə Leyla Nəcəfquliyevadan 1000 manat təzminat istəyir.

Bu tələblə də ona qarşı mülki qaydada iddia qaldırıb.

Həmin iddiaya da oktyabrın 23-də Yasamal Rayon Məhkəməsində baxılacaq.

Leyla Nəcəfquliyeva Yusif Sadatxanov adına Aranlı kənd orta məktəbinin ibtidai sinif müəllimi işləyirdi.

O həmçinin sentyabrın 1-də keçirilən parlament seçilərində 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizəd idi.

O, sentyabrın 17-də işdən çıxarılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda iddia olunur ki, Leyla Nəcəfquliyeva 16 sentyabr 2024-cü ildə səhər saat 08:00 radələrində sinif rəhbəri olduğu IIIb sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.

Leyla Nəcəfquliyevanın həmin gün məktəbin həyətinin giriş qapısı qarşısında şagirdləri yerdə əyləşdirərək dərs keçməsi onun şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə etməsi kimi qiymətləndirlib.

Onun “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozduğu da vurğulanıb.

2023-cü ildə Nəcəfquliyeva məktəbin köhnə binasında ayaqyolu olmadığını bildirib.

Bu barədə video çəkərək sosial şəbəkələrdə paylaşıb.

Bundan sonra iki il ərzində Aranlı kəndində yeni məktəb binası tikilib, lakin yeni məktəb binasında su olmayıb.

Müəllim üçüncü sinifdə birinci dərsi sentyabrın 16-da məktəbin həyətində keçib.

O, video çəkib və sosial şəbəkələrdə yayımlayıb.

Bu da onun işdən çıxarılmasının rəsmi səbəbi olub.

Ana səhifəXəbərlərİşdən çıxarılan müəllim məhkəməyə verilib