Türkiyədə 5,9 ballıq zəlzələ: 187 nəfərə zərər dəyib

Foto: “trthaber”

Malatya, Şanlıurfa və Elazığda ümumilikdə 3 bina qismən çöküb

Oktyabrın 16-da Türkiyənin Malatya vilayətində 5,9 bal gücündə zəlzələnin baş verdiyi bildirilir.

Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin  (AFAD) məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 10:46-da qeydə alınıb.

Zəlzələnin episentri Kale bölgəsində, ocağı isə 10,07 kilometr dərinlikdə olub.

Malatyanın Kale bölgəsində qeydə alınan zəlzələ Diyarbəkir, Elazığ, Kahramanmaraş, Tokat və Adıyamanda da hiss olunub.

Malatya rəhbərliyi əyalətdəki bütün təhsil müəssisələrində bir günlük tətil elan edib.

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikayanın sözlərinə görə, 187 nəfər zəlzələ səbəbindən zərər görüb.

O bildirib ki, hazırda 43 nəfərin səhhəti ilə bağlı vəziyyət nəzarət altındadır.

Nazir həmçinin təbii fəlakət zamanı ölənlərin olmadığını qeyd edib.

Malatya, Şanlıurfa və Elazığda ümumilikdə 3 bina qismən çöküb.

Ana səhifəDünyaTürkiyədə 5,9 ballıq zəlzələ: 187 nəfərə zərər dəyib