Paşinyanın sülh prosesi ilə bağlı Əliyevə yeni təkliflər verdiyi bildirilir

Nikol Paşinyan və İlham Əliyev. Foto: Kreml.ru

Sarkis Xandanyan nazirlərin ikigünlük görüşünə ümid edir

Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Moskvada keçirilən sammitində Ermənistan və Azərbaycan liderlərinin qeyri-rəsmi ünsiyyətinin bəzi təfərrüatlarından danışıb.

Oktyabrın 15-də “Armenpress”ə danışan komissiya sədri deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə xarici işlər nazirlərinin ikigünlük iclasının keçirilməsini təklif edib:

Təklif özündə sülh müqaviləsini ehtiva edib. Yəni nazirlər iki ölkə liderinin COP29 konfransı zamanı sülh müqaviləsinin imzalanması üçün hazırlıq işlərini apara bilərlər“.

Sarkis Xandanyan əlavə edib ki, o, Əliyevin Paşinyanın təklifinə necə cavab verdiyini bilməsə də, bu görüşün mümkünlüyünə ümid edir.

Xandanyan iddia edib ki, Bakı martın əvvəlində və apreldə Brüsseldə görüş keçirməkdən imtina edib:

“Bundan başqa, Azərbaycan hərbi əsirlərin və digər məhbusların azad edilməsi ilə bağlı Brüsseldə keçirilən görüşlərdə üzərinə götürdüyü bir sıra humanitar öhdəlikləri hələ də yerinə yetirməyib”.

Azərbaycanın rəsmi şəxsləri deyilənlərə hələ ki reaksiya verməyiblər.

Bu gün həmçinin Ermənistan parlamentinin spikeri Alen Simonyan Cenevrədə Bakı və Yerevanın sülh sazişini əldə etməyin astanasında olması haqda açıqlama verib.

Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu assambleyasında jurnalistlərə danışan Simonyanın sözlərinə görə, bir neçə ay öncə sülh prosesi başlayanda Azərbaycan beynəlxalq səviyyədə qəbul olunmuş beş müddəa üzrə Yerevanın razılığını istəyirdi:

Foto: “galatv.am”

“Biz bu gün artıq 16 müddəa üzrə tam razılıq əldə etmişik”.

Alen Simonyan Azərbaycanı siyasi iradə göstərərək fürsətdən yararlanmağa, mümkün olanı reallaşdırmağa çağırıb.

Lakin bir müddət əvvəl Baş nazir Nikol Paşinyan demişdi ki, saziş layihəsinin 16 müddəasından 13-ü üzrə razılıq əldə olunub, qalan üçü barədə isə qismən razılaşma var.

Azərbaycanın Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının yeni səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən fərqli fikir səsləndirmişdi:

“Ermənistanla sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Ona görə də Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” təklifi qəribə, tamamilə reallıqdan kənardır və bu cür yanaşma presedenti mənə məlum deyil”.

İlham Əliyev onu da demişdi ki, Brüssel Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə danışıqların uğurla keçirildiyi bir məkan idi və həqiqətən, orada mühüm irəliləyişə nail olunmuşdu:

“Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi. Ancaq hər bir halda bu, çox yaxşı nəticə və təcrübə verən müsbət proses idi”.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətPaşinyanın sülh prosesi ilə bağlı Əliyevə yeni təkliflər verdiyi bildirilir