“Bu, Ermənistan dövlətçiliyinin saxlanması uğrunda ümummilli mübarizədir”
“Vətən uğrunda” Hərəkatının fəalları Yerevanda mitinq keçirib, arxiyepiskop Baqrat Qalstanyan Ermənistan dövlətçiliyinin saxlanılması uğrunda mübarizənin zəruriliyini bəyan edib. Onun sözlərinə görə, hüquqşünaslar hakimiyyət partiyasının cinayətləri ilə bağlı ərizə vermək niyyətindədir.
“Kavkazski uzel” yazır ki, “Vətən uğrunda” hərəkatın lideri Baqrat Qalstanyan Ermənistan vətəndaşlarını Yerevanda mitinqə çıxmağa və mübarizənin yeni mərhələsinə qoşulmağa çağırıb. Mitinq iştirakçıları oktyabrın 2-si axşam arxiyepiskop Baqrat Qalstanyana İctimai televiziyada efir verilməsini tələb edərək teleşirkətin ofisinə yollanıb.
Oktyabrın 3-də Qalstanyan bəyan edib ki, Paşinyan seçiciləri aldadıb və artıq erməni xalqının maraqlarını təmsil edə bilməz.
“Vətən uğrunda” Hərəkatı, Baqrat Qalstanyan başda olmaqla, oktyabrın 6-da Respublika meydanında mitinq keçirib. Aksiya Ermənistan himninin ifası və dualarla başlayıb. Baqrat Qalstanyan İctimai telekanalda baş tutan birbaşa efiri böyük uğur adlandırıb. “Aparıcının suallarına zəif cavabları kim və necə tənqid etsə də, bu, vacib deyil. Biz efirə müsahibə üçün nail olmamışıq”, – o bildirib.
O, həmçinin Paşinyanın istefasını alternativsiz saysa da, etiraz hərəkatına qoşulmayan siyasi qüvvələrə müraciət edib.
“Bu, müxalifətin mübarizəsi, ağlarla qaraların mübarizəsi deyil. Bu, Ermənistan dövlətçiliyinin saxlanması uğrunda ümummilli mübarizədir”, – Qalsatnyan deyib.
Mitinq iştirakçıları Respublika meydanından Konstitusiya Məhkəməsinə yollanıb. “Qərar qəbul edən bütün hakimlər erməni dövlətçiliyinə qarşı hərəkət edib. Hakimiyyət hamını cinayətin iştirakçısı etmək istəyir”, – arxiyepiskop Baqrat hesab edir.
Konstitusiya Məhkəməsinə çatan müxalifət tərəfdarları Baqramyan prospektini kəsiblər. Aksiya iştirakçılarının əlində Konstitusiya Məhkəməsinin hakimlərinin şəkli olan plakatlar olub. Polis manifestçiləri yolu azad etməyə çağırıb. Lakin müxalifətçilər imtina edib.
Etiraz aksiyasının liderləri yerli vaxtla oktyabrın 9-u saat 12.00-a Ermənistan Baş Prokurorluğunun qarşısında aksiya keçirəcəklərini anons ediblər. Arxiyepiskop Baqratın sözlərinə görə, hərəkatın hüquqşünasları hakimiyyət partiyasının törətdiyi cinayətlə bağlı ərizə vermək niyyətindədirlər. Aksiyada saxlanılmalar olmayıb.
“Məlumatlandırılmış vətəndaşların ittifaqı” ictimai təşkilatının qiymətləndirməsinə görə, oktyabrın 2-si keçirilmiş mitinqdə 1900-dən çox adam iştirak edib. Təşkilat oktyabrın 6-sı keçirilmiş mitinqdə neçə nəfərin iştirak etdiyini açıqlamayıb.