Konstitusiya Məhkəməsi parlament seçkilərini təsdiqlədi

Konstitusiya Məhkəməsi. Foto: “constcourt.gov.az”

İlk iclası Ziyad Səmədzadənin açacağı bildirilir

Sentyabrın 21-də Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.

Konstitusiya Məhkəməsi Plenumunun iclasında çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçkilərdə 990 namizəd 125 deputat mandatı uğrunda yarışa qatılıb:

Seçkilər 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. 6 433 184 nəfər seçici siyahılarına daxil edilib, 2 395 510 nəfər səs verib. Seçici fəallığı 37,24 faiz olub”.

“Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 3 min 469-u açıq, 2 min 37-si qapalı olmaqla, ümumilikdə 5 min 506 yer ayrılaraq namizədlərin ixtiyarına verilib. 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb”, – deyə komissiya sədri əlavə edib.

Məzahir Pənahovun sözlərinə görə, seçkilərdə ümumilikdə 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb:

Onlardan 3-ü dairə seçki komissiyaları, 43-ü MSK tərəfindən etibarsız sayılıb. 16 dairə üzrə 35 seçki məntəqəsinin seçki komissiyası buraxılıb”.

İclasda çıxış edən məruzəçi hakim Kamran Şəfiyevin sözlərinə görə, prokurorluq orqanlarına seçki hüquqlarının pozulması ilə 13 şikayət təqdim edilib, onlardan 6-sı üzrə cinayət işinin başlanılması rədd edilib:

“Şikayətlər seçkinin nəticələrinə təsir göstərməyib. Bakı Apelyasiya Məhkəməsinə 25, Sumqayıt Apelyasiya Məhkəməsinə 8, Şəki Apelyasiya Məhkəməsinə 5, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə 1, Ali Məhkəməyə 12 ərizə daxil olub. Ali Məhkəməyə daxil olan 1 iş üzrə Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib”.

Qısa müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.

Qərara əsasən, 2024-cü il sentyabrın 1-də keçirilmiş seçkilərinin nəticələrinə dair 16 sentyabr tarixli protokolu və ona əlavə edilmiş sənədlər Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilib, seçki dairələri üzrə seçkilərin nəticələri təsdiqlənib.

Sentyabrın 23-də keçiriləcək VII Çağırış Milli Məclisin ilk iclasını Ziyad Səmədzadənin açacağı bildirilir.

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib.

Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü müşahidə edib.

Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib.

Azərbaycan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidə etməyə də dəvət etməmişdi.

Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir.

Müsavat, Respublikaçı Alternativ (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) “ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, fundamental azadlıqların məhdudlaşdırıldığını, 300-dən çox siyasi məhbusun olduğunu” bildirərək seçkiləri boykot edib.

Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ilkin rəylərini açıqlayıblar.

Müşahidə missiyası Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib.

Ana səhifəSiyasətKonstitusiya Məhkəməsi parlament seçkilərini təsdiqlədi