97 gündür həbsdə aclıq edən alim: “Həkimlər dedi ki, bu, ölü təzyiqidir…”

Fazil Qasımov. Foto: Meydan TV

Hakim Fazil Qasımovun ev distaqlığına buraxılmasına əsas görməyib

İstanbul Universitetinin doktorantı, 2023-cü ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alim Fazil Qasımov qanunsuz həbsinə etiraz olaraq 97 gündür ki, aclıq aksiyası keçirdiyini bildirib. Onun sözlərinə görə, vəziyyəti o qədər ağırdır ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində reanimasiya şöbəsində, sağalmasına ümid olmayan məhbusların yerləşdirildiyi otaqda saxlanılır.

Sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Fazil Qasımovun işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Mahirə Kərimovanın sədrliyilə keçirilən prosesə alim əsa ilə, Penitensiar Xidmətin konvoylarının köməyilə gətirilib. Kənardan görünüb ki, Fazil Qasımov təkbaşına hərəkət etməkdə çətinlik çəkir.

Məhkəmə iclasının əvvəlində Fazil Qasımov bildirib ki, müəyyən məsələlərlə bağlı vəkilləri ilə konfidensial şəkildə məsləhətləşməsinə ehtiyac var. Bu səbəbdən də məhkəmədən vaxt istəyib. Onlara vaxt verilib.

Bir qədər sonra məhkəmə prosesinin davamında Fazil Qasımov vəsatət vermək istəyəndə prokuror Fuad Musayev buna etiraz edib. Deyib ki, bir neçə məhkəmə iclasıdır Fazil Qasımov vəsatətlər qaldırır, bu səbəbdən ittiham aktının elanını başa çatdıra bilməyiblər.

Vəkil isə bildirib ki, vəsatət vermək təqsirləndirilən şəxsin hüququdur.

Fazil Qasımov heç bir cinayət törətmədiyi halda, bir il bir aydır həbsdə saxlandığını, ağlasızmaz işgəncələrə məruz qaldığını vurğulayaraq, barəsindəki cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. O, vəsatətini əsaslandırarkən deyib ki, gənc alimdir, Türkiyədə elmi araşdırmalarla məşğul idi. Ona qarşı irəli sürülmüş saxta pul ittihamının heç bir əsası yoxdur, həbsi tamamilə siyasi xarakterlidir və bu iş Azərbaycana heç də başucalığı gətirmir, əksinə, ölkənin imicinə ləkə vurur. Ona görə də hesab edir ki, bu cinayət işinə xitam verilməlidir.

Təqsirləndirilən alim bundan əvvəlki məhkəmə iclaslarında da ona qarşı işgəncə halları, istintaq dövründə üzləşdiyi qanunsuzluqlar, Baş prokuror, Ombudsman və digər səlahiyyətlilərə yazdığı məktublar barədə məlumat vermişdi. O, yenə də bu haqda danışaraq bildirib ki, çayına uyuşdurucu qatıblar, ona həm fiziki, həm də psixoloji işgəncələr veriblər. Onu Bakı İstintaq Təcridxanasında dustaqların təcavüzü ilə hədələyiblər, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bədəninə tok veriblər, başını unitaza salıblar, ailəsilə hədələyiblər və s.

“Anar Əliyev orta təhsillidir, mən ali təhsilliyəm. Amma mənim əleyhimə olan ifadələri ikimizin də adından eyni yazıblar. Bu, necə ola bilər ki, ikimizin də ifadəmiz eyni olsun?”, – Fazil Qasımov saxta pul ittihamının tamamilə yalan olduğunu vurğulayıb.

İttihama əsasən, Fazil Qasımov Türkiyədə saxta dollar əldə edib, keçmiş Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu isə həmin saxta valyutaları Azərbaycana gətirib.

97 günlük aclıqdan sonra ölüm təhlükəsi ilə üz-üzə olduğunu deyən Fazil Qasımovun sözlərinə görə, həkimlər də bu barədə ona xəbərdarlıq ediblər:

Müalicə Müəssisəsində qardaşım yanıma gəlmişdi. Elə onun yanında vəziyyətim qəfil pisləşdi, həkimləri çağırdılar. Təzyiqim 50-yə düşübmüş. Həkimlər dedi ki, ölü təzyiqidi. Müalicə Məssisəsində bir var sağalmaq şansı olanlar, bir də var sağalmaq şansı olmayanlar. Məni sağalmaq şansı olmayanların yanında saxlayırlar. Hər gün gözümün qarşısında azı, 2-3 nəfər ölür. Türkiyə mediası da mənim haqqımda yazır. Yazırlar ki, alim ölür, amma yarğılayan tərəfin tükü də kıpırdamır”.

Çıxışının sonunda Fazil Qasımov barəsindəki cinayət işinə xitam verilməsini istəyib.
Vəsatətə münasibət bildirən prokuror Fuad Musayev onun rədd edilməsini istəyib. Eyni zamanda, Fazil Qasımovun aclıq aksiyası keçirməsini də “ucuz taktika” adlandırıb:

Aclıq aksiyası ucuz taktikadır. “Aclıq-aclıq” deməklə məhkəməyə təsir eləməyin. İstəyirsiniz ki, bununla barənizdəki həbs qətimkan tədbiri dəyişsin. Mən isə təklif edirəm ki, sən aclığı dayandır. Bundansa, özünü topla, günahsızlığınla bağlı dəlillərini məhkəməyə təqdim elə”.

Vəkil Rövşanə Rəhimli prokurorun təqsirləndirilən şəxsə qarşı bu cür davranışına etiraz edib. Vəkil bildirib ki, aclıq eləmək şəxsin hüququdur və dövlət ittihamçısı buna görə onu günahlandıra bilməz.

Prokuror isə iddia edib ki, aclıq etmək şəxsin hüququ deyil.

Lakin vəkil israr edib ki, bu, şəxsin hüququdur.

Daha sonra vəkil Rövşanə Rəhimli müvəkkilinin durumunun ağır olduğunu, onun sərbəst hərəkət edə bilmədiyini əsas gətirərək, ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil xatırladıb ki, Qubad İbadoğlu da eyni cinayət işi üzrə həbs olunmuşdu və eyni əməldə ittiham olunurdu. Lakin hazırda sərbəstdir, baxmayaraq ki, barəsində cinayət təqibi davam edir.

Prokuror Fazil Qasımovun ev dustaqlığına buraxılmasına etiraz edib.

Elə hakimlər də belə nəticəyə gəlib ki, onun həbsdə saxlanması üçün olan əsaslar hələ aradan qalxmayıb, bu üzdən buraxıla bilməz. Ancaq həmin əsasların nədən ibarət olduğunu hakim Mahirə Kərimova açıqlamayıb.

Fazil Qasımovun məhkəməsi oktyabrın 10-da davam edəcək.

Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb, həmin gün ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora polislərin özləri yerləşdirib, sonra da götürüblər.

Qubad İbadoğlunun həbsindən az sonra – avqustun 8-də Fazil Qasımov Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilib. Ona da eyni maddə ilə ittiham verilib.

Avqustun 25-də Qubad İbadoğluna Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra binadan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

O, aprelin 22-də həbsdən buraxılıb. Ev dustaqlığına buraxılandan təxminən 20 gün sonra – mayın 14-də sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.

Qubad İbadoğlu ev dustaqlığına buraxılsa da, sonradan bu qətimkan tədbiri “polis nəzarətinə vermə” ilə əvəz olunub.

Ana səhifəSiyasət97 gündür həbsdə aclıq edən alim: “Həkimlər dedi ki, bu, ölü təzyiqidir…”