Vəfa Nağı iclasa buraxılmadı, liftdə saxlanıldığını deyir
Sentyabrın 13-də Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizədlərin şikayətlərinə baxıb.
Bildirilir ki, 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyi qeydə alınmış Cahandar İsmayılovun şikayəti əsassız hesab edilib. 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Gülağa Aslanlının seçki prosesində pozuntularla əlaqədar müraciəti isə qismən qəbul edilib. Həmçinin, 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən namizədliyi qeydə alınmış Şəhriyar Məcidzadənin şikayəti qismən təmin edilib.
Komissiya 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Vəfa Nağının şikayətinə də baxıb.
MSK üzvü Ramiz İbrahimov Vəfa Nağının şikayətinin araşdırıldığını deyib:
“Namizəd şikayətində səsvermə günü müşahidəçilərə maneələr yaradıldığını, seçki qutularına topa bülleten atıldığını, səslərin səsvermə otağından kənarda sayıldığını və sair bu kimi qanun pozuntuları olduğunu söyləyib. Dedikləri ilə bağlı 86 videogörüntünü və 49 protokolun şəklini əks etdirən elektron informasiya təqdim edib. Bunlara baxılıb, yalnız 2 videogörüntüdə pozuntu var. Biz ona videogörüntülərin hamısının pozuntunu əks etdirməməsini bildirəndə, səs-küy salıb”.
Amma Ramiz İbrahimov həmin dairənin 24, 27, 34, 35, 48 və 49-cu seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsasın yarandığını əlavə edib.
Komissiya bunlara əsasən 6 seçki məntəqəsi üzrə səsvermənin nəticələrini ləğv etsə də, 70 saylı DSK-nın qərarı qüvvədə saxlanılıb.
70 saylı Neftçala Seçki Dairəsindən VHP-nin namizədi Tənzilə Rüstəmxanlı qalib elan edilib. Vəfa Nağı MSK-nın iclasına 1 saata yaxın gecikdiyini, amma həmin vaxtda da onun şikayətinə baxılmadığını bildirib. Bu barədə Vəfa Nağı “Facebook” səhifəsində video çıxışında danışıb:
“Mənə dedilər ki, şikayətinizə baxılanda buraxılacaqsınız. Amma sonra yalnız telefonu alaraq buraxılacağımı dedilər, bunu da başa düşürəm. Sonra liftə daxil oldum, amma orada da saxladılar. Sadəcə, məni telefonla ona görə buraxmadılar ki, seçki saxtalaşdırılıb və iclasda hansısa çəkiliş edərəm. Halbuki, heç nə etməyəcəkdim, sadəcə, dinləyəcəkdim. Çox təəssüf ki, mənim komissiyanın iclasında iştirakımı təmin etmədilər. Nəticədə ədalətsiz qərar qəbul etdilər. Mən MSK-ya kifayət qədər faktlar təqdim etsəm də, onlar bunu nəzərə almadılar və bu, artıq absurd qərar qəbul edildiyinin göstərcisidir”.
Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib.
Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü müşahidə edib.
Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib.
Azərbaycan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidə etməyə də dəvət etməmişdi.
Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir.
Müsavat, Respublikaçı Alternativ (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) “ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, fundamental azadlıqların məhdudlaşdırıldığını, 300-dən çox siyasi məhbusun olduğunu” bildirərək seçkiləri boykot edib.
Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ilkin rəylərini açıqlayıblar.
Müşahidə missiyası Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib.