Məhkəmə baxışı sentyabrın 19-na təyin olunub
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddia icraata götürülüb.
Beləliklə, Əli Kərimli təqsirləndirilən şəxs qismində tanınıb.
Sentyabrın 12-də Nəsimi Rayon Məhkəməsində partiyadan xaric edilmiş Aydın Əliyevin iddiası əsasında bu barədə qərar çıxarılıb.
Hakim Babək Pənahovun sədrliyilə keçirilən hazırlıq iclasında Aydın Əliyevin nümayəndəsi, vəkil Elvin Əliyev xüsusi ittiham qaydasında qaldırılmış iddianın icraata götürülüb baxılmasını istəyib.
O bildirib ki, Əli Kərimli müxtəlif kanallarda çıxışlarında Aydın Əliyevi hakimiyyətlə əməkdaşlıqda, Xalq Cəbhəsinə etimadsızlıqda ittiham edib.
Əli Kərimlinin vəkili Fəxrəddin Mehdiyev isə iddianın icraata götürülüb baxılmasına etiraz edib.
Vəkil bildirib ki, iddia forma və məzmununa görə qanunun tələblərinə uyğun deyil. Əslində, məhkəmə ilk iclasda onu geri qaytarmalı idi. Lakin məhkəmə üç iclasdır ki, Aydın Əliyevə görə təxirə salınır və o da hər dəfə şikayətə bir əlavə gətirir.
Fəxrəddin Mehdiyev vurğulayıb ki, bu iddia icraata götürülməməlidir.
Aydın Əliyev isə iddiasına baxılmasını istəyib.
O bildirib ki, Əli Kərimlinin onunla bağlı çıxışlarına 74 mindən çox tamaşaçı baxıb, nəticədə hüquqları pozulub:
“Xahiş edirəm, Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə məsuliyyətə cəlb olunsun”.
AXCP sədri özü də məhkəmədə çıxış edib.
O bildirib ki, Aydın Əliyev İctimai Nəzarət Koalisiyası adlı quruma üzv olub.
Bu qurum isə hakimiyyətin yürütdüyü siyasəti dəstəkləyib, ofisində Heydər Əliyev muzeyi, İlham Əliyev guşəsi yaradıb:
“Hakimiyyətlə əməkdaşlıq başqa necə olur? Bu, bizim partiyanın siyasi kursuna zidd deyilsə, bəs nədir? Aydın Əliyev məhz bu hərəkətlərinə görə partiyanın Rəyasət Heyətinin qərarı ilə partiyadan xaric olunub. Mənim dediklərimdə bircə cümlə də yalan yoxdur. Burada böhtan hardadır? Aydın məsələdir ki, məhkəməyə nə deyilibsə, o da olacaq. Bir aydır bu işin uzadılması mənə qarşı təzyiqdir. Bu iddia ən kiçik dövlət məmuruna qarşı olsaydı, qapıdan geri qaytarardılar. Bu iddia icraata götürülməməli, rədd edilməlidir”.
Lakin hakim təxminən 5 dəqiqəlik müşavirədən sonra iddianın icraata götürüldüyünü açıqlayıb.
Məhkəmə baxışı sentyabrın 19-na təyin olunub.
AXCP bu məhkəmə prosesinin hakimiyyətin sifarişilə başladıldığını bəyan edib.
“Hazırda hakimiyyət AXCP-ni qanundan kənar qoymaq, onun sədri Əli Kərimlini siyasi fəaliyyətdən məhrum etmək üçün bir neçə istiqamətdə iş aparır. Bu işlərdə isə vaxtilə partiyanın fəal üzvü və Nəzarət-Təftiş Komissiyasının sədri olmuş, sonralar hakimiyyətyönlü ictimai fəaliyyətə başladığı üçün partiyadan xaric edilmiş Aydın Əliyevdən istifadə edir”, – partiyanın bəyanatında bildirilir.