Müsahibəsinə görə həbs olunduğunu deyən ictimai fəalı ev dustaqlığına buraxmadılar

İlhamiz Quliyev. Foto: Meydan TV

İlhamiz Quliyev şahid kimi dindirilən polisin yalan danışdığını deyib

8 aydır həbsdə olan ictimai fəal İlhamiz Quliyevin məhkəməsi davam edir. İyulun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə keçirilən məhkəmə prosesində vəkili Zibeydə Sadıqova müvəkkilinin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Vəkil bildirib ki, ev dustaqlığına buraxılsa belə, İlhamiz Quliyevin məhkəmədən yayınmaq niyyəti yoxdur. Çünki o, özünü təqsirli bilmir, ictimai fəaliyyətinə görə narkotiklə şərlənərək həbs olunduğunu deyir və bəraət alanadək hüquqi müstəvidə mübarizə aparmaq fikrindədir.

Vəkil əlavə edib ki, İlhamiz Quliyev belə isti havalarda, hətta ventilyator da olmayan kamerada saxlanılır. Bu da işgəncə kimi qiymətləndirilir.

Müdafiəçi İlhamiz Quliyevin anası Şamama Quliyevanın 90-cı illərin əvvəllərində Qarabağ müharibəsində iştirak etdiyini, 2020-ci ildə 44 günlük müharibədə isə bacısının oğlunun həlak olduğunu hakimlərin nəzərinə çatdırıb:

“Bu ailə hamılıqla vətənə bağlı insanlardır. Bu dövlət qarşısında xidmətləri olan yaşlı Şamama xala hər dəfə oğlunun məhkəməsinə Ağdamdan gəlir, onunla istintaq təcridxanasında görüşür”.

Azər Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Daha sonra məhkəmədə Yasamal rayonu, 28-ci polis bölməsinin əməkdaşı Polad Mustafayev şahid qismində dindirilib. O bildirib ki, İlhamiz Quliyevin narkotik dövriyyəsilə məşğul olması barədə bölməyə daxil olmuş əməliyyat məlumatı əsasında saxlayıblar. Onu tutub bölməyə gətirəndən sonra üstünə baxış keçirilib və cibindən narkotik tapılıb.

Polis əməkdaşı təsdiqləyir ki, bölmədə İlhamiz Quliyev həmin narkotikin ona məxsus olmadığını, saxlanılarkən cibinə gizli şəkildə atıldığını deyib.

Polad Mustafayev ictimai fəalın həm saxlanılıb bölməyə aparılarkən, həm də bölmədə işgəncəyə məruz qalması barədə deyilənləri təkzib edib. İlhamiz Quliyevin üstündə olan xəsarət izlərinə gəlincə, o, iddia edib ki, ictimai fəal saxlanılarkən müqavimət göstərib, özü-özünə xəsarət yetirib.

İlhamiz Quliyev isə polisin yalan danışdığını, saxlanılıb bölməyə aparanlar arasında Polad Mustafayevin ümumiyyətlə olmadığını bildirib. Onun sözlərinə görə, Polad Mustafayevi bölmədə görüb.

Bu iş üzrə məhkəmə prosesi davam edir.

İlhamiz Quliyev 2023-cü il dekabrın 4-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə) maddəsilə ittiham irəli sürülüb.

Təqsirləndirilən fəal ona qarşı irəli sürülmüş narkotik ittihamını rədd edir. O bildirir ki, əksinə, özü ictimai-siyasi fəalların narkotiklə şərlənməsi barədə müsahibə verdiyinə görə cəzalandırılır. Onun sözlərinə görə, cəzalandırılmasının səbəbi həbsindən təxminən iki ay öncə “AbzasMedia”ya müsahibəsində polisin qanunsuz əməllərindən və cinayət işlərinin saxtalaşdırılmasından danışmasıdır.

İlhamiz Quliyev bildirib ki, əvvəllər polis idarəsində müstəntiq köməkçisi işləyib, bu üzdən o sistemdə nələrin baş verməsindən məlumatlı idi. Sentyabrın sonunda “AbzasMedia”ya müsahibəsində də ictimai-siyasi fəalların narkotiklə həbs olunması barədə danışıb. Həmin videomaterialda üzü görünməsə də, keçmiş polis əməkdaşı olduğu bildirilib. Onun sözlərinə görə, bir neçə gün ərzində onun kimliyini müəyyənləşdirib, həbs ediblər.

Ana səhifəXəbərlərMüsahibəsinə görə həbs olunduğunu deyən ictimai fəalı ev dustaqlığına buraxmadılar