Rusiyada qeyri-qanuni miqrantlarla nikaha qadağa qoyulacaq

Rusiyada miqrant. Foto: tartanparty/shutterstock

Ölkədə qalma qaydalarını pozan əcnəbilər üçün ölkədən çıxarılma rejimi və bir çox məhdudiyyət tətbiq edilir

Rusiya Dövlət Duması iyulun 23-də miqrantlara nəzarəti sərtləşdirən qanun layihəsi qəbul edib.
Yeni qanun miqrantların ölkədən çıxarılması ilə bağlı qərarları təkcə məhkəmə yox, polisin verməsinə də izin verir.

Qanunla Rusiyada qeyri-qanuni qalan və ya qanunu pozan əcnəbilər üçün ölkədən xaricetmə rejimi tətbiq olunacaq. Qanunu pozan şəxslərin Rusiyada mənzil və nəqliyyat alması, nikaha girməsi, sürücülük vəsiqəsi alması, biznesini qeydiyyata alması, bank hesabı açması yasaqlanacaq. Həmçinin onlar pul köçürməsinə nəzarət edilən şəxslərin reyestrinə daxil ediləcək.

Xaricilər Rusiya dəyərlərinə hörmət etməli olacaqlar

Yeni normalar əcnəbilərin Rusiyada qalma şərtlərini müəyyən edir. Qanunvericilikdə qeyd olunur ki, onlar Rusiyanın mənafeyinə xələl gətirən fəaliyyətdən çəkinməli, ətraf mühitə, maddi-mədəni dəyərlərə qayğı ilə yanaşmalıdır.

Miqrantların xarici və daxili siyasətə qarışmaq hüququ yoxdur və ənənəvi mənəvi-əxlaqi dəyərlərə hörmətlə yanaşmalıdır.

Yeni qanun əcnəbilərin Rusiyada illik qalma müddətini də aşağı salıb. Əvvəllər Rusiyada oturumu və vətəndaşlığı olmayan şəxslər illik 180 gün qala bilirdi, indi bu rəqəm 90 günə endirilib.

Rusiya ərazisində 180 gündən çox qalanları hüquq-mühafizə orqanları inzibati qaydada ölkədən çıxara və deportasiyanı məhkəmə qərarı olmadan həyata keçirə biləcək. İndiyədək bu, yalnız məhkəmə qərarından sonra mümkün idi.

Qanun layihələri Dövlət Dumasına “Crocus City Hall” mərkəzinə hücumdan sonra təqdim olunub. Hücumda 145 nəfər həlak olub, azı 500 nəfər yaralanmışdı. Hadisəyə görə, Orta Asiya ölkələrindən olan bir neçə nəfər ittiham olunub.

Bu hücumun ardınca Rusiyada hakimiyyətin miqrantlara baxışı dəyişib. Hətta Orta Asiya ölkələri vətəndaşlarına Rusiyaya getməmək tövsiyə olunub.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin açıqlayıb ki, hazırda deputatlar 25 miqrasiya layihəsinə baxır.

Ana səhifəDünyaRusiyada qeyri-qanuni miqrantlarla nikaha qadağa qoyulacaq