Bakı İşgəncələrə qarşı Komitənin hesabatını “ədalətsiz” sayır, AŞPA çağırış edir

Illustration: Meydan TV

AŞPA Prezidenti: “Azərbaycanı CPT ilə dialoqu dərhal bərpa etməlidir”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin (CPT) bəyanatını “əsassız və ədalətsiz” adlandırıb.

Bunu nazirliyin mətbuat katibi Ayxan Hacızadə Komitənin Azərbaycanla bağlı bəyanatına münasibət bildirərkən deyib.

Beynəlxalq təşkilatın bəyanatında bildirilir ki, Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoq üçün gerçək səylər göstərilsə də, Bakı CPT ilə daimi əməkdaşlıq etmir.

Təşkilat hesabatın yayılmasına səbəb kimi də məhz bu amili göstərir.

Hesabatda Azərbaycanda polis əməkdaşlarının yol verdiyi pis rəftar, işgəncə hərəkətlərinə dair iddialar da detallı göstərilib.

Bildirilir ki, Azərbaycanın Daxili İşlər Nazirliyi bu təcrübəyə son qoymaqdan ötrü Komitənin çoxdan irəli sürdüyü tövsiyələri yerinə yetirmək istiqamətində hər hansı addım atmır.

“Sözügedən ictimai bəyanatdakı tənqidləri rədd edirik”

Rəsmi Bakı isə deyilənlərlə razılaşmır, hesabatı hüquqi baxımdan mübahisəli sayır.

Hacızadə qeyd edir ki, təşkilatın ictimai bəyanatın dərc olunması barədə qərar qəbul etməsi dərin təəssüf doğurub.

Ayxan Hacızadə. Foto: “azertag.az”

O bildirib ki, Komitə Azərbaycanın müvafiq razılığı alınmadan 2022-ci ildə edilmiş xüsusi səfərinin yekunları üzrə hazırlanmış hesabatı tam şəkildə dərc etmək barədə əvvəllər presedenti olmayan qərar qəbul edib:

“Bu yanaşma ədalətsiz və əsassızdır, habelə hüquqi baxımdan sual yaradır”.

Ayxan Hacızadənin sözlərinə görə, Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının Alınması üzrə Komitəsi (İQAK) 2002-ci ildən etibarən bir neçə dəfə Azərbaycana dövri və xüsusi səfər həyata keçirib. Həmçinin Avropa Konvensiyasının Azərbaycan tərəfindən həyata keçirilməsinə dair hesabatlar dərc edib:

“Azərbaycan hesabatlarda qeyd olunan hər bir müddəa üzrə hökumətin mövqeyini təqdim edib. Bununla yanaşı, ictimai bəyanatda da qeyd edildiyi kimi, müvafiq çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə addımlar atılıb və Komitənin tövsiyələri hər zaman nəzərə alınıb. Əməkdaşlıq müddətində Komitəyə bu günə qədər etdiyi səfərlər zamanı lazımi dəstək göstərilib. Yerli təhqiqatların aparılmasına dəstək göstərilməsi ilə yanaşı, nümayəndə heyəti üzvlərinin mümkün ən yüksək səviyyədə qəbul olunmasını təmin etmək üçün addımlar atılıb və əməkdaşlığın əsaslarının möhkəmləndirilməsi üçün bütün səylər göstərilib”.

“Bu qərarın 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməmək barədə qərəzli qərarından sonra yaranmış Azərbaycan-Avropa Şurası münasibətlərində mövcud vəziyyətin fonunda qəbul edilməsi xüsusilə təəssüf doğurur. Biz bir sıra dövlət qurumları ilə konstruktiv əməkdaşlığın əvəzinə, məsuliyyəti onların üzərinə yıxan sözügedən ictimai bəyanatdakı tənqidləri rədd edirik. Azərbaycan azadlıqdan məhrum edilmiş şəxslərin müdafiə olunması ilə yanaşı müvafiq təcrübənin ümumi qəbul edilmiş standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli irəliləyiş əldə etməkdədir”, – deyə Hacızadə qeyd edib.

“İşgəncə və pis rəftarın qadağan edilməsi mütləqdir və geriçəkilmə qəbuledilməzdir”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Teodor Russopulos isə Azərbaycan hakimiyyətini CPT ilə əməkdaşlığı bərpa etməyə çağırıb:

“Mən Azərbaycan hakimiyyətinin Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının Alınması üzrə Komitəsi (CPT) ilə əməkdaşlıqdan imtina etməsinə görə çox təəssüflənirəm. Çünki bu, planlaşdırılan CPT səfərinin ləğv edilməsinə səbəb olub. CPT-nin Azərbaycana xüsusi səfəri ilə bağlı hesabatın nəticələri məni də narahat etdi”.

Teodor Russopulos. Foto: şəxsi Facebook səhifəsindən

“Vurğulamaq istəyirəm ki, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi demokratik cəmiyyətin ən fundamental dəyərlərindən birini təsbit edir. Həqiqətən də, insan ləyaqətinə hörmətlə bağlı olan işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəzanın qadağan edilməsi mütləqdir və ondan geriçəkilmə qəbuledilməzdir. Buna görə də, onun həyata keçirilməsini təmin etmək və məhbuslarla işgəncə və ya pis rəftarın hər hansı formasının qarşısını almaq üçün CPT ilə açıq və səmərəli əməkdaşlığı davam etdirmək vacibdir”, – deyə AŞPA Prezidenti iyulun 3-də verdiyi bəyanatda bildirib.

Teodor Russopulos Azərbaycanı CPT ilə dialoqu dərhal bərpa etməyə çağırıb və bunu vacib sayıb:

“Mən Azərbaycan hakimiyyətini öz qərarlarına yenidən baxmağa və dərhal CPT ilə əməkdaşlığı və konstruktiv dialoqu bərpa etməyə çağırıram. Bu, təkcə Avropa Şurası ilə ümumi münasibətlərin yaxşılaşmasına yox, həm də Azərbaycan vətəndaşlarının fundamental maraqlarına xidmət edəcək”.

Ana səhifəSiyasətBakı İşgəncələrə qarşı Komitənin hesabatını “ədalətsiz” sayır, AŞPA çağırış edir