Ələsgər Məmmədli, Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev qərara etiraz ediblər
“Toplum TV” internet televiziyası və eyni adlı portalın təsisçisi, 4 aydır ki, həbsdə olan Ələsgər Məmmədli haqqında həbs qətimkan tədbirinin müddəti artırılıb.
İyulun 3-də Xətai Rayon Məhkəməsində prokurorun bu barədə təqdimatına baxılıb.
Təqdimat təmin olunub və Ələsgər Məmmədlinin istintaq dövründə həbsdə saxlanma müddəti daha 3 ay artırılıb.
Məhkəmədə Ələsgər Məmmədli də, vəkili də təqdimata etiraz edib.
Onlar vurğulayıb ki, Ələsgər Məmmədlinin həbsdə saxlanması üçün heç bir əsas yoxdur, çünki heç bir cinayət törətməyib. Üstəlik, onun səhhətində ciddi problemlər var.
Lakin məhkəmə müdafiə tərəfinin arqumentlərini nəzərə almayıb və təqdimatı təmin edib.
İyulun 3-də Xətai rayon Məhkəməsində həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) əməkdaşları – “Toplum TV işi” üzrə həbs olunmuş Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayevin də həbs müddətinin uzadılması məsələsinə baxılıb.
Onlarla bağlı təqdimat da təmin edilib, adları çəkilən fəalların haqqında həbs qətimkan tədbiri daha 3 ay – oktyabrın 6-na qədər uzadıb.
İctimai fəalların vəkilləri həbs müddətinin uzadılması barədə Xətai Rayon Məhkəməsinin qərarlarından apelyasiya şikayəti verəcək.
“Toplum TV” ilə bağlı cinayət işi üzrə həbsdə olan daha 3 nəfərin – DTİ-nin rəhbəri Akif Qurbanov, Ruslan İzzətlinin və jurnalist Müşfiq Cabbarın haqqında həbs qətimkan tədbirinin uzadılması üçün verilmiş təqdimata isə iyulun 4-də baxılacaq.
Martın 6-da “Toplum” internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib.
Media orqanıyla bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Həbs olunanlar arasında “Toplum TV”-nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.
Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.