Siyasi fəal şüşə kabinədə şüarlar yazılmış plakatlar qaldırıb
Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu öz məhkəməsində üzərində şüarlar yazılmış plakatlar qaldırıb. Bu, iyunun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.
Tofiq Yaqublunun işinə bu məhkəmədə Elnur Nuriyevin sədrliyilə, Kamran Muxtarov və Azər Tağıyevdən ibarət hakimlər kollegiyası baxır.
Budəfəki məhkəmə iclasında sədrlik edən Elnur Nuriyev məlumat verib ki, Azər Tağıyev prosesdə iştirak etmir, çünki səhhətində problemlər var. Hakimlərdən birinin iştirakı oımadan məhkəmə prosesini keçirmək mümkün deyil. Bu səbəbdən də məhkəmə prosesinin iyulun 28-dək təxirə salındığını açıqlayıb.
Tofiq Yaqublu məhkəmə zalında saxlandığı şüşə kabinədə plakatlar qaldırıb. Həmin plakatlardan birində ingilis dilində yazılmış “Diktator Əliyevi dəstəkləməyin!” şüarı məhkəmə prosesində iştirak edən diplomatik korpus nümayəndələrinə ünvanlanıb.
Digər plakatda isə Tofiq Yaqublu ingilis dilində bunları yazıb:
“Putin Navalnını öldürdüyü kimi, Əliyev də məni həbsdə öldürməyi planlaşdırır”.
Bundan əvvəl məhkəmənin hazırlıq iclasında Tofiq Yaqublu hakim Azər Tağıyevin onun işinə baxmasına etiraz etmişdi. Siyasi fəal etirazını əsaslandırarkən bildirmişdi ki, ictimai-siyasi fəallar haqqında sifarişlə ədalətsiz, qanunsuz hökm və qərarlar çıxardığına görə Azər Tağıyevin adı Amerikada sanksiya tətbiq olunmalı şəxslərin siyahısına daxil edilib.
Lakin Tofiq Yaqublunun etirazı təmin olunmamışdı.
Tofiq Yaqublu dekabrın 14-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb . Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Tofiq Yaqublu xaricə adam göndərmək adıyla pul almaqda ittiham olunur. Siyasətçinin qızı Nigar Həzi bu ittihamın yalan olduğunu, atasını şərləmək məqsədilə müəyyən adamlardan istifadə olunduğunu bildirib:
“Elnur Vaqifoğlu adlı biri var, uzun illər ərzində zaman-zaman müxtəlif adamlara qarşı cinayət işlərində ondan istifadə olunub. Özü də dələduzluğa görə məhkum edilib. İndi bundan atanı şərləmək üçün istifadə edirlər. Guya xaricə getmək istəyən biri Elnur Vaqifoğluya pul verib. O da vasitəçilik edib, pulu ataya verib. Tamamilə yalan, saxta, uydurma işdir. Belə bir şey olmayıb, ola da bilməzdi…”.
İddia olunur ki, pul dekabrın 8-də verilib, 11-də isə cinayət işi başlanıb. Nigar Həzi deyir ki, cəmi 3 gün ərzində cinayət işi başlanması və Tofiq Yaqublunun həbsi də bunun siyasi sifarişlə uydurulmuş iş olduğunu sübut edir.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.
O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami Rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.
Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.
Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30 sutkalıq həbs olunub.
Bundan başqa, o, 2021-ci il dekabrın 1-də etiraz aksiyasında saxlanmış, həmin gün axşam saatlarında buraxılmışdı. Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı. Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi. Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi. Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina etdi, belə nəticəyə gəldi ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.