ABŞ səfiri Şuşada

Fotolar: ABŞ səfirliyi

Mark Libbi xanımı ilə Qarabağa səfərə çıxıb

Mayın 6-da ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi (Libby) xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, diplomat hər iki rayonun hökumət nümayəndələri ilə görüşməyi, Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı, Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır.

Mayın 3-də Mark Libbi müstəqil medianın jurnalistləri ilə görüşündə Şuşaya niyə səfər etməməsi ilə bağlı suala da cavab vermişdi:

“Hazır olanda gedəcəm. Bu, ABŞ səfiri üçün normal bir şeydir. Mingəçevirdən əvvəl Lənkərana niyə getmişdim? Bunun siyasi səbəbi varmı? Xeyr. Mən ora getdim, çünki bir günə gedib, geri qayıda bilirdim və görüşməli olduğum bir görüş var idi. Amma mən bacardığım qədər Azərbaycanı gəzmək niyyətindəyəm və bu, baş verəndə elanımız olacaq. Bu, Azərbaycan hakimiyyətini narahat edən məsələ idi. Tənqid etdilər, düzdür. Mən çölə çıxıb təbliğat şousunda rol oynamaq niyyətində deyiləm, elə deyilmi? Mən öz şərtlərimlə çıxmaq istəyirəm. Mən harasa gedəndə hökumət şəkil çəkdirir, istədiklərini yazır, mən buna nəzarət edə bilmirəm. Amma mənim Azərbaycanın digər bölgələrinə etdiyim səfərlər də bizim missiyamız tərəfindən təşkil olunub. Hökumətə deyirik ki, gedirik. Bəzən bizi orada qarşılayırlar, bəzən orada bunu edən olmur, amma biz gedirik. Aydındır ki, geri qaytarılan ərazilər bir az fərqlidir. Bir az daha koordinasiya tələb edir. Mən başqasının proqramında iştirak etmək istəmirəm. Mən nümayiş etdirmək üçün getmək istəyirəm ki, Birləşmiş Ştatların səfiri təyin olunduğu ölkənin bölgələrinə səfər edir. Mən Lənkərana, yaxud Mingəçevirə getdiyim kimi ziyarət etmək, istədiyim işləri görmək istəyirəm. Mən bunu belə etmək istəyirəm. Və buna görə də vaxtı gələndə mən bunu edəcəm” .

Bu açıqlamasından sonra hökumətin nəzarətində olan telekanallar və saytlar səfirin Şuşaya niyə getməməsini, eləcə də jurnalistlərlə görüşünü tənqid edib.

Ana səhifəSiyasətABŞ səfiri Şuşada