Vəkillərə çıxış üçün vaxt verildi
2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da çoxsaylı əsgər və zabitlər işgəncələrə məruz qalıblar. Beyləqandakı hadisələrlə bağlı Bakı Hərbi Məhkəməsinin hakimlərinin apardığı məhkəmə istintaqı avqustun 24-də yekunlaşıb. Bu hadisələrə görə cinayət məsuliyyətinə cəlb olunmuş 5 nəfərə, o cümlədən bir generala prokuror cəza istəyib.
Prokuror həmin hadisələr zamanı korpusun qərargah rəisi olmuş, 2022-ci ildə həbs ediləndə isə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucova 12 il 6 ay həbs cəzası verilməsini təklif edib.
Dövlət ittihamçısı snayper bölüyünün komandiri olmuş Ziya Kazımova da eyni cəzanı – 12 il 6 ay azadlıqdan məhrumetmə istəyib.
Digər üç təqsirləndirilən şəxslərdən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqatçısı olmuş İntiqam Məmmədov və Ülvi Rəşidovun hər birinə 10 il 6 ay, korpusun təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədova isə 8 il 6 ay cəza istəyib.
Vəkillər çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Onlara sentyabrın 14-nə qədər vaxt verilib.
Beyləqanda 2017-ci ilin mayında 60-dan çox hərbçiyə işgəncə verilib. Nəticədə bir nəfər zabit – Adil Sabirli işgəncədən ölüb.
Təqsirləndirilən şəxslər məhkəmədə bir neçə dəfə həmin dövrdə korpus komandiri olmuş general Mais Bərxudarovun çağırılıb dindirilməsini tələb edirdilər. Lakin bu vəsatətlərin heç biri təmin olunmadı.
“Mais Bərxudarov o zaman düşmənlə əməkdaşlıqda şübhəli bilinən şəxslərin siyahısını Baş Qərargah rəisinə göndərib. Xahiş edirəm, o siyahı iş materiallarına əlavə olunsun. Bundan başqa, mən prokurorluğa çağırılanda Mais Bərxudarova zəng elədim. Mənə bildirdi ki, “get, nə necə varsa, eləcə də danış, məni çağırsalar, nə necə olub, kim əmr verib, nə deyib – hamısını açıb deyəcəm”. Ona görə də çağırın, gəlsin, danışsın…”, – general Bəkir Orucovun sözləridir.