Paşinyan: Ermənistan sülh sazisi ilə bağlı təkliflərini Azərbaycana göndərib (yenilənib)

Nikol Paşinyan. Foto: Meydan TV

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün Rəsmi Bakıya sülh sazisi təkliflərini göndərməsi barədə fikirlərinə reaksiya verib.

Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı bildirib ki, sülh sazişi ətrafında danışıqlar bir prosesdir və proses müxtəlif mərhələlərdən ibarətdir:

“Proses əsnasında fiziki görüşlər olur, bəzi hallarda həmin görüşlər bir neçə gün davam edir və şərtlər mübadilə edilir. Bir maraqlı tendensiyanı qeyd edim ki, bir qayda olaraq, Ermənistan tərəfi Azərbaycan tərəfindən göndərilən şərhləri 30-60 gün arasında özündə saxlayır. Bu, çoxdur, ya azdır, şərh etməyəcəyəm. Bu müddət ərzində Azərbaycan tərəfi bunu prosesin tərkib hissəsi kimi qəbul edir. Çünki bizə nəticə daha vacibdir. Lakin Ermənistan tərəfi şərhlərini göndərəndən bir neçə gün sonra mətbuata çıxaraq “Biz Azərbaycana şərhlərimizi göndərdik” başlığı ilə anonslar verir”.

“Bu gün Ermənistan tərəfi və Baş naziri, hesab edirəm ki, yeni rekorda imza atıb. Belə ki, onlar şərhləri bizə göndərdikdən 40 dəqiqə sonra artıq mətbuata bəyanatla çıxış ediblər. Mənə görə, bütün bunlar tərəflərdən hansının prosesin həllinə nə dərəcədə maraqlı olduğunu və hansı tərəfin, sözün əsl mənasında, başlıqlara, siyasi bəyanatlara meyilli olduğunu əyani olaraq nümayiş etdirir”, – deyə nazir fikrini yekunlaşdırıb.

Foto: Azərtac


Baş nazir Laçın dəhlizi ilə bağlı mötəbər məlumat aldıqlarını deyir

Ermənistan sülh sazişi ətrafında yeni təkliflərini Azərbaycana təhvil verib.

Bu barədə avqustun 24-də Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında açıqlama verib. Nikol Paşinyanın sözlərinə görə, Ermənistan sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir. 

Baş nazir Dağlıq Qarabağda humanitar vəziyyətin gərgin olduğunu da vurğulayıb:

“Biz mötəbər məlumat almışıq ki, Laçın dəhlizinin birtərəfli istiqamətdə açılması, yəni Dağlıq Qarabağdan çıxışa icazə verilməsi və girişin qadağan edilməsi üçün proqramlar hazırlanır. Bununla da Azərbaycanın əsas məqsədi Dağlıq Qarabağda etnik təmizləmə aparmaqdır”.

“Mövqeyimiz dəyişməzdir – Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələləri beynəlxalq mexanizm çərçivəsində Bakı-Stepanakert (Xankəndi) dialoqu vasitəsilə həll edilməlidir”, – deyə Paşinyan bildirib.

Azərbaycanın rəsmi orqanları yeni təkliflərlə bağlı hər hansı açıqlama verməyiblər.

O ki qaldı Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda humanitar böhranın davam etməsi barədə söylədiklərinə, o, avqustun 11-də oxşar fikirlər səsləndirmişdi.

Həmin gün Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı açıqlamada qeyd etmişdi ki, Ermənistandan “humanitar yük” adı altında Laçın istiqamətində göndərilən yüklərin qəbul edilməməsinin erməni sakinlərə qarşı “etnik təmizləmə” kimi qələmə verilməsi heç bir məntiqə sığmır:

“Erməni sakinlərin, həqiqətən də, iddia olunduğu kimi gündəlik tələbat mallarına ehtiyacları varsa, bunun üçün Azərbaycanın təklif etdiyi və beynəlxalq tərəfdaşların dəstəklədiyi “Ağdam-Xankəndi” yolundan istifadə edilməsi mümkündür. Ermənistan əsassız şəkildə “humanitar böhran” barədə iddialar yaymaq və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribatlar törətmək əvəzinə, bölgədə sülh və sabitlik istiqamətində səy göstərməlidir” .

Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.

Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

 Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir. Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətPaşinyan: Ermənistan sülh sazisi ilə bağlı təkliflərini Azərbaycana göndərib (yenilənib)